Azərbaycan sikkələri - Beynəlxalq Pul Sərgisində
Azərbaycanın tarixi-mədəni irsini və nadir fauna növlərini əks etdirən qızıl və gümüş sikkələr Beynəlxalq Pul Sərgisində (World Money Fair) ilk dəfə nümayiş olunub.
ERAmedia xəbər verir ki, Berlində keçirilən sərgidə ölkəmizi “AzerGold” QSC təmsil edib.
Dünyada ən böyük sikkə yarmarkası olan Beynəlxalq Pul Sərgisi ilk dəfə 1972-ci ildə İsveçrədə keçirilib və 2006-cı ildən etibarən Berlində təşkil olunur. Hər il 50-dən artıq ölkədən 300-dən çox iştirakçı bu nüfuzlu sərgidə numizmatika məhsullarını təqdim edir. Sərgi numizmatika sənayesinin keçmişini, bu gününü və gələcəyini bir yerdə təqdim edən qlobal miqyaslı unikal platformadır.
“AzerGold” QSC tərəfindən ölkəmizin pərakəndə satış bazarına təqdim edilən qızıl və gümüş sikkələr, eləcə də qızıl külçələr beynəlxalq sərginin iştirakçılarının böyük marağına səbəb olub. Ziyarətçilərə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə “Smartminting” texnologiyası əsasında 3D formatında istehsal edilmiş “100 il və onun fövqündə bir irs” unikal qızıl sikkəsi, “Uzun Həsən”, Qarabağ kolleksiyasına aid “Qarabağ inciləri”, “Qarabağ xalçası – Çələbi”, “Şuşa”, “Xurşidbanu Natəvan”, “Zəfər”, “İçərişəhər”, “Heydər Əliyev Fondu”, “Heydər Əliyev Mərkəzi”, “Naxçıvan”, “Qobustan” sikkələri daxil olmaqla, Azərbaycanın müasirliyini, tarix və incəsənətini, qədim ənənələrini təbliğ edən sikkələr barədə ətraflı məlumatlar verilib. Azərbaycanın füsunkar təbiətini, nadir növlərin qorunması ideyasını və innovativ istehsal texnologiyasını özündə birləşdirən numizmatika layihəsi çərçivəsində ərsəyə gətirilən yeni nəsil gümüş sikkə kolleksiyası da maraqla qarşılanıb. Bu kolleksiya Azərbaycanın nadir fauna növlərini əks etdirən “Ceyran”, “Bəbir” və “Bezoar keçisi” olmaqla üç unikal sikkədən ibarətdir.
“AzərGold” QSC-nin İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Ariz Tarverdiyev sərgidə nümayiş etdirilən məhsullar barədə məlumat verərək deyib: “Bu sərgi 1970-ci illərdən etibarən hər il təşkil olunur və numizmatika sahəsində dünyanın ən böyük və nüfuzlu tədbirlərindən biri hesab edilir. Azərbaycan ilk dəfədir “AzerGold”un timsalında bu sərgidə təmsil olunur. Məqsəd bu sənaye sahəsi üzrə ölkəmizin potensialını Avropaya təqdim etmək, eyni zamanda, milli-mənəvi dəyərlərimizi əks etdirən, müxtəlif dizaynlarda hazırlanmış məhsulları təqdim və təbliğ etməkdir.
Azərbaycan stendinə marağın kifayət qədər böyük olduğunu vurğulayan A.Tarverdiyev qeyd edib: “Bilirsiniz ki, numizmatika sahəsinin beşiyi Avropa hesab olunur. Avropalı kolleksiyaçılar yüksək zövqlüdürlər. Azərbaycanın məhsullarına – müxtəlif dizaynlarda hazırlanan və ölkəmizin tarixini, mədəni irsini, eyni zamanda, şəhərlərini əks etdirən sikkələrə maraq kifayət qədər böyükdür. Ötən ilin sonlarında istehsal edilən və numizmatika sahəsində yeni inqilabi texnologiya – “smartmiting” texnologiyası əsasında ərsəyə gələn, adı Azərbaycanın “Qırmızı kitab”ına düşmüş ceyran, bəbir və Bezoar keçisini əks etdirən nadir sikkələrə maraq xüsusilə böyükdür”.
Qeyd edək ki, daim yeniliklərin təqdim olunduğu sərgidə müxtəlif ölkələrə aid zərbxanaların yeni buraxılışları, xatirə və yubiley sikkələri, medallar, qiymətli əşyalar böyük maraq doğurur. Burada qabaqcıl texnologiyalar, sikkə zərbi mühəndisliyi, emal və qablaşdırma yenilikləri texniki forumlarda təqdim edilir. Sərgi həm də müxtəlif ölkələrdən çoxlu sayda sikkə dilerlərini, zərbxanaların, mərkəzi bankların təmsilçilərini, mütəxəssisləri və kolleksiyaçıları bir araya gətirir. Məhz bu baxımdan sərgi numizmatika sahəsində aparıcı beynəlxalq ixtisaslaşmış tədbir kimi tanınır.
“AzerGold” QSC-nin nümayəndə heyəti də sərgi çərçivəsində bir sıra görüşlər keçirərək, əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparıb.









