media-687031121_26617251867938716_2942452749519493647_n

Türkmənistan Prezidentinin Azərbaycana dövlət səfəri regionda əməkdaşlığın genişləndirilməsi və iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi baxımından mühüm siyasi hadisədir. Tarixi, mədəni və etnik yaxınlığa malik olan Azərbaycan və Türkmənistan müstəqillik dövründə qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlər quraraq əməkdaşlığın müxtəlif istiqamətlərdə inkişafına nail olublar. Son illərdə dövlət başçıları arasında formalaşmış yüksəksəviyyəli siyasi dialoq münasibətlərin dinamik inkişafında mühüm rol oynayır.

ERAmedia xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında “Perspektiv Siyasətin Texnologiyaları” İctimai Birliyinin İdarə Heyətinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rufiz Qonaqov söyləyib.

“Səfər çərçivəsində keçirilən görüşlərdə siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın perspektivləri geniş müzakirə olunub. Tərəflər ikitərəfli əlaqələrin mövcud vəziyyətini yüksək qiymətləndirərək qarşılıqlı maraq doğuran istiqamətlər üzrə əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıblar. Bu, Azərbaycan və Türkmənistan arasında münasibətlərin təkcə dostluq və qardaşlıq prinsiplərinə deyil, eyni zamanda, konkret strateji maraqlara söykəndiyini göstərir.

Enerji sektoru iki ölkə arasında əməkdaşlığın əsas istiqamətlərindən biri olaraq qalır. Xəzər hövzəsinin zəngin enerji resurslarına malik olan Azərbaycan və Türkmənistan regional və qlobal enerji təhlükəsizliyinin təmin edilməsində mühüm tərəfdaşlar hesab olunurlar. Enerji ehtiyatlarının beynəlxalq bazarlara çıxarılması, Xəzər regionunda əməkdaşlığın genişləndirilməsi və yeni imkanların araşdırılması tərəflərin ortaq maraqlarını əks etdirir.

Nəqliyyat və logistika sahəsində əməkdaşlıq da xüsusi diqqət çəkir. Qlobal ticarət marşrutlarının yenidən formalaşdığı bir dövrdə Azərbaycan və Türkmənistan Şərqlə Qərbi birləşdirən mühüm tranzit mərkəzləri kimi çıxış edirlər. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən beynəlxalq nəqliyyat layihələri, o cümlədən Orta Dəhlizin inkişafı Türkmənistan üçün də yeni iqtisadi imkanlar yaradır. Bu əməkdaşlıq həm ölkələrin tranzit potensialını artırır, həm də regionun beynəlxalq iqtisadi əlaqələr sistemində mövqeyini gücləndirir.

Humanitar və mədəni əlaqələr isə iki xalq arasında münasibətlərin mənəvi əsasını təşkil edir. Ortaq tarix, dil və mədəni dəyərlər Azərbaycan ilə Türkmənistan arasında əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verir. Təhsil, elm, mədəniyyət və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi xalqlar arasında qarşılıqlı anlaşmanın və yaxınlığın daha da dərinləşməsinə xidmət edir”, – deyə R.Qonaqov vurğulayıb.

“Türkmənistan Prezidentinin Azərbaycana səfəri Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın gücləndirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır. Türkmənistan təşkilatda müşahidəçi statusuna malik olsa da, son illərdə Türk dünyası ilə inteqrasiyanın dərinləşdirilməsi istiqamətində daha fəal mövqe nümayiş etdirir. Azərbaycan isə TDT-nin aparıcı üzvlərindən biri kimi türk dövlətləri arasında siyasi həmrəyliyin, iqtisadi inteqrasiyanın və nəqliyyat əlaqələrinin inkişafına mühüm töhfələr verir. Bu baxımdan Bakı ilə Aşqabad arasında münasibətlərin inkişafı bütövlükdə Türk dünyasının birliyinin möhkəmlənməsinə və ortaq layihələrin reallaşdırılmasına xidmət edir.

Səfər, eyni zamanda, geniş geosiyasi kontekstdə də diqqət çəkir. Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əməkdaşlığın güclənməsi qlobal geosiyasi dəyişikliklər fonunda xüsusi aktuallıq kəsb edir. Enerji təhlükəsizliyi, nəqliyyat marşrutlarının şaxələndirilməsi və yeni iqtisadi tərəfdaşlıqların formalaşdırılması məsələlərinin ön plana çıxdığı bir dövrdə Azərbaycan və Türkmənistanın əməkdaşlığı Avrasiya məkanında mühüm əhəmiyyət daşıyır. Xəzər dənizi üzərindən yükdaşımaların artırılması və alternativ ticarət yollarının inkişafı hər iki ölkənin geostrateji rolunu daha da gücləndirir.

Bir sözlə, Türkmənistan Prezidentinin Azərbaycana səfəri təkcə ikitərəfli münasibətlərin inkişafı baxımından deyil, həm də Türk dünyasında inteqrasiya proseslərinin dərinləşməsi və regionun geosiyasi əhəmiyyətinin artması kontekstində mühüm hadisədir. Səfər çərçivəsində aparılan müzakirələr və əldə olunan razılaşmalar Azərbaycan ilə Türkmənistan arasında strateji tərəfdaşlığın daha da möhkəmlənəcəyini, enerji, nəqliyyat, ticarət və humanitar sahələrdə əməkdaşlığın yeni məzmun qazanacağını göstərir. Bu baxımdan, səfər Azərbaycan-Türkmənistan münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər ”, – deyə o əlavə edib.


media-adspc

Bənzər xəbərlər