Azərbaycanın qeyri neft-qaz ixracatı rekord səviyyəyə yüksəlib
Bu ilin ilk 4 ayında Azərbaycanın ümumi ixracı 12 milyard 535 milyon dollar təşkil edib. Qeyri neft-qaz sektorunun ixracı isə 4 milyard 698 milyon dollara çatıb.
ERAmedia xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramovun sözlərinə görə, xarici ticarət dövriyyəsində diqqəti cəlb edən əsas məqamlardan biri qeyri neft-qaz ixracatının 4,4 dəfə artmasıdır. Deputat bildirib ki, cari ilin ilk dörd ayında qeyri neft-qaz ixracının həcmi ötən ilin ümumi göstəricisindən 30 faiz çox olub.
V.Bayramov qeyd edib ki, qeyri neft-qaz ixracatındakı kəskin artım əsasən işlənməmiş, yarıişlənmiş və toz şəklində qızıl ixracı hesabına formalaşıb. Onun sözlərinə görə, ötən ilin eyni dövrü ilə müqayisədə bu növ qızıl ixracı real ifadədə 18 dəfə, cari qiymətlərlə isə 37 dəfə artıb. Hesabat dövründə Azərbaycan 3 milyard 599 milyon dollarlıq qızıl ixrac edib.
Deputatın sözlərinə görə, faizlə deyil, dəfə ilə ifadə olunan digər diqqətçəkən artım şəkər ixracında qeydə alınıb. Belə ki, şəkər ixracı 4,2 dəfə artaraq ölkəyə 37,5 milyon dollar valyuta qazandırıb. Pambıq ipliyinin ixracı 2,6 dəfə yüksələrək 16,4 milyon dollar təşkil edib. Kartof ixracı isə 2,1 dəfə artaraq ölkəyə təxminən 4 milyon dollar valyuta gətirib.
Vüqar Bayramov vurğulayıb ki, qızıldan sonra qeyri neft-qaz sektorunda ölkəyə ən çox valyuta gətirən məhsul təzə meyvələr olub. Bu məhsulların ixracından 165,1 milyon dollar gəlir əldə edilib. İlk üçlüyü isə 92,7 milyon dollar göstərici ilə pambıq lifi tamamlayıb.
Deputat bildirib ki, qeyri neft-qaz ixracatındakı artım iqtisadiyyatın daha da şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Onun fikrincə, əldə olunan müsbət nəticələrlə yanaşı, təbii ehtiyatlara əsaslanmayan qeyri neft-qaz məhsullarının ixracının təşviqi də dövlətin əsas prioritetlərindən biri olaraq qalır.
Əli Fərhad










