media-213935_j09lw0nbt4

Azərbaycan tamaşaçılarının yaddaşında “Evlərinin önü yonca”, “Ninni, yavrum, ninni” və digər məşhur ifalarla qalan Sinan Səidin anım günüdür.

ERAmedia bildirir ki, əslən İraq türkmanı olan Sinan Səid uzun illər Azərbaycan radiosunun tanınmış simalarından biri kimi fəaliyyət göstərib. O, 1958-ci ildə Bağdaddan Bakıya radio aparıcısı kimi dəvət olunub və qısa müddətdə Azərbaycanı özünə doğma vətən seçib. Bakıda ali təhsil alan Sinan Səid ömrünün sonuna qədər Azərbaycana dərin bağlılıq nümayiş etdirib.

Azərbaycan radiosunda çalışan Sinan Səid təkcə peşəkar fəaliyyəti ilə deyil, həm də ifa etdiyi Kərkük xalq mahnıları ilə böyük rəğbət qazanıb. Onun yaxın dostu və həmkarı Nahid Hacızadənin xatirələrinə görə, Sinan Səidin mahnı oxumaq istedadı ilk dəfə məhz yaxın çevrəsinin diqqətini cəlb edib. Hacızadənin təkidi ilə sənətkar Kərkük mahnılarını lentə yazdırmağa razılıq verib.

Məşhur “Ninni, yavrum, ninni” mahnısının ərsəyə gəlməsi də maraqlı tarixçəyə malikdir. Sinan Səid bu mahnını duet şəklində səsləndirmək istədiyini bildirib. Müxtəlif tanınmış müğənnilərin adları çəkilsə də, sonda seçim Nərminə Məmmədovanın üzərində dayanıb. Beləliklə, Sinan Səid və Nərminə Məmmədovanın ifasında “Ninni, yavrum, ninni”, “Mən səni sevmişəm, allam”, “Altun üzük” və “Sevdi yar” kimi mahnılar lentə yazılıb və “Kərkük xalq mahnıları” adı altında dinləyicilərə təqdim olunub.

Bu mahnılar illər keçsə də öz populyarlığını qoruyub saxlayır və bu gün də Azərbaycan dinləyiciləri tərəfindən sevə-sevə dinlənilir.

Tərcüməçi, pedaqoq və radio aparıcısı Sinan Səid 1990-cı ildə vəfat edib. Onun sənət dostu Nərminə Məmmədova isə 1997-ci ildə dünyasını dəyişib. Hər iki sənətkar Azərbaycan musiqi tarixində özünəməxsus iz qoyub.

Vüsalə


media-adspc

Bənzər xəbərlər