Bayılda yoxa çıxan uşaqları yadplanetlilər oğurlayıb?
20 iyul 1985-ci ildə “Azərbaycan Gəncləri” qəzetində qeyri-adi bir xəbər dərc olunur. Yazıda Bayıl kəndinin bir neçə sakininin 14–15 iyul gecəsi dəniz üzərində səmada qeyri-adi, oval formalı parıltı müşahidə etdiyi bildirilirdi. Bakı Hidrometeorologiya Mərkəzinin nümayəndəsi həmin işığın “ay şüalarının atmosferin rütubətli təbəqəsindən əks olunması” ilə bağlı ola biləcəyini, təhlükə yaratmadığını açıqlayırdı.
ERAmedia xəbər verir ki, bu barədə AMEA-nın elmi işçisi, tarixçi alim Zaur Əliyev məlumat verib.
O qeyd edib ki, bu xəbərin ardınca şahidlərin sayı artır və yerli sakinlər artıq səmada “mərkəzində parlaq nöqtəsi olan nəhəng, şəffaf kürə” gördüklərini danışmağa başlayırlar. Hadisənin yay gecəsində baş verdiyi və parıltının təxminən üç dəqiqə davam etdiyi qeyd olunur.
Hadisədən bir neçə gün sonra Bayıl milis bölməsinə dəhşətli xəbər daxil olur: qəsəbədə yaşayan altı uşaq (Əli, Qulam, Məmmədov qardaşları və iki qonşu uşaq) Şıxov çimərliyinə gedərək geri qayıtmayıblar. Onların ən kiçiyi dörd, ən böyüyü isə səkkiz yaşında idi.
Yerli sakinlər fənərlər və lampalarla sahili, qayaları, köhnə anqarları, kanalizasiya quyularını, ağla gələn hər yeri axtarsalar da, nəticə əldə olunmur. İki gün davam edən axtarışlar nəticəsiz qalır və bölgədə şayiələr yayılır ki, uşaqlar “sirli işıq saçan aparat” tərəfindən qaçırılıb.
Valideynlərin müraciətindən sonra əraziyə iki qrup əsgər cəlb olunur.
Axtarışlar zamanı ərazidə təxminən 10 metr diametrində yanmış ot dairəsi aşkar edilir. Bakıdan gəlmiş mütəxəssislərin bitki nümunələrində adi yanma izləri deyil, yüksək temperatur təsirinə oxşayan dəyişikliklər olduğu iddia olunur. Nümunələrdə plutonium, torium və protaktinium aşkar edildiyi bildirilir. Bu məlumatlar heç vaxt rəsmi şəkildə təsdiqlənmir və mənbələr mübahisəli olaraq qalır.
Bəzi tədqiqatçılar həmin dövrdə mətbuatda yayılan bu qeydlərə əsasən hadisəni “naməlum uçan obyektin enişi” ilə əlaqələndirirdilər. Lakin rəsmi qurumlar bu versiyanı şərh etmirdi.
Axtarışların altıncı günündə itkin düşmüş uşaqlardan dördü Bayıldan təxminən 3,2 kilometr aralıda, böyük bir ağacın altında yuxulu halda tapılır. Onlar xəstəxanaya aparılır və həkimlər uşaqlarda xəsarət və yorğunluq əlamətlərinin olmadığını deyirlər.
Uşaqlar ayıldıqdan sonra izahatlarında hadisəni belə təsvir edirlər:
“Göydə banan rəngində bir dairəvi top gördük. Top yerə endi, pəncərəsi açıldı və içəridən yaşıl işıq çıxdı. Biz həmin işığın içində özümüzü başqa bir yerdə gördük. Orada sarı-ağ işığa bənzər varlıqlar vardı. Danışmırdılar, amma bizi başa düşürdülər. Sonra hər şey fırlandı və özümüzü ağacın altında tapdıq”.
Uşaqların təsvirləri real faktlardan çox uşaq fantaziyasını xatırladırdı, lakin müstəntiqlər hər bir detalı qeyd edir, Bakı və Moskvadan gəlmiş mütəxəssislər axtarışları davam etdirirdilər. Bir müddət sonra işin “uşaqların müvəqqəti itməsi” kimi bağlandığı bildirilir.
Rəsmi məlumatlarda yalnız dörd uşağın tapıldığı qeyd olunur. Digər iki uşaq haqqında sonrakı sənədlərdə heç bir qeydə rast gəlinmir. Bu məsələ hələ də aydınlaşdırılmamış sual olaraq qalır və müxtəlif fərziyyələrin yaranmasına səbəb olur.
Bir neçə həftə sonra yanmış dairənin yerində yenidən ot bitir. Yerli sakinlər illərlə bu ərazidən uzaq durduqlarını desələr də, rəsmi qurumlar hadisə ilə bağlı əlavə açıqlama vermir.
Vural Həsənoğlu










