Bəs hər kəsin o “sistem, sistem” dediyi, “işləri sistemləşdirin” dediyi şey nədir? - ANALİZ
Sistemləşdirmə edin demək qədər rahat məsələ deyil. Zaman istəyir, resurs istəyir, prosesləri düzgün başa düşmək, düzgün qavramaq, təkrarlanan prosesləri standart halına gətirmək, avtomatlaşdırma, rəqəmsallaşdırma, hədəfə doğru aydın və ardıcıl yanaşma tələb edir.
20 ildən çox fərqli biznesləri müşahidə etmək imkanım olduğu üçün deyə bilərəm ki, Azərbaycan iş mühitində bunu çox az adam edə bilib.
Əslində sistemləşdirmə şirkətin bütün fəaliyyətini əhatə edə bilər. Amma bu həmişə ümumi korporativ sistem şəklində olmur. Bəzən konkret bir funksiyanın mükəmməl qurulması da ciddi sistemləşdirmə nümunəsidir.
Yaxınlarda əmlak alqı-satqısı həyata keçirən bir şirkətlə geniş söhbətimiz oldu. Müşahidə etdiyim o oldu ki, işə qəbul olunan yeni əməkdaşa iş prosesi təxminən 1 aya mənimsədilir və həmin əməkdaş qısa müddətdə 5-10 illik əməkdaşların satış nəticələrinin 60-70%-nə çata bilir.
Şirkət rəhbərinin öz işini mükəmməl bilməsi, prosesləri düzgün və ardıcıl protokollaşdırması, onu sistemli şəkildə heyətə ötürməsi və heyətin peşəkar icrası nəticədə mükəmməl orkestr effekti yaradır.
Deməli, burada sistemləşdirməni görmək üçün mənim diqqətimi çəkən əsas nüans yeni əməkdaşın sürətli adaptasiyası oldu.
Təsadüfi deyil ki, beynəlxalq tədqiqatlar da eyni nəticəni göstərir.
2023-cü ildə aparılmış geniş elmi araşdırmaya görə, biznes proseslərinin standartlaşdırılması şirkətlərdə şəffaflığı artırır, proses müddətlərini qısaldır, xidmət keyfiyyətini yüksəldir və gələcək avtomatlaşdırmanın əsasını yaradır.
156 şirkət üzərində aparılmış empirik araşdırma isə göstərib ki, proseslərin standartlaşdırılması vaxt, xərc və keyfiyyət göstəricilərinə birbaşa müsbət təsir edir.
Daha maraqlı fakt isə budur ki, standartlaşdırılmış işə qəbul və adaptasiya prosesi quran şirkətlərdə işçi seçimi müddəti 92 gündən 69 günə düşüb, proses xərcləri isə təxminən 30% azalıb.
2026-cı ildə dərc olunan Harvard Business School araşdırması göstərir ki, yaxşı qurulmuş təlim və öyrətmə sistemləri əməkdaşların məhsuldarlığını artırmaqla yanaşı, rəhbərlərin də vaxtını azad edir və onların daha strateji məsələlərə fokuslanmasına imkan yaradır.
Çoxlu sayda ünsiyyətdə olduğum və konsaltinqini apardığım şirkətlərdə ən böyük boşluqlardan biri də məhz budur.
Sahibkar işini bilir, amma onu öyrədə bilmir.
Menecer prosesi bilir, amma sənədləşdirə bilmir.
Şirkət satış edir, amma satışı təkrarlaya bilmir.
Əsl sistemləşdirmə isə məhz burada başlayır:
İş o qədər aydın təsvir edilməlidir ki, yeni gələn əməkdaş onu qısa müddətdə mənimsəyib nəticə yarada bilsin.
Əgər nəticə yalnız bir nəfərin başındadırsa, bu sistem deyil.
Əgər nəticə prosesin içindədirsə, bu artıq sistemdir.
Sistemləşdirmə də məhz budur — nəticəni təsadüflərdən çıxarıb peşəkarlığın üzərinə qurmaq.
Peyğəmbərimiz (s.ə.s.) buyurur:
“Allah birinizin gördüyü işi möhkəm və gözəl etməsini sevər.”
Bəxtiyar BƏXTİYAROV,
İdarəetmə və biznes üzrə təlimçi-konsultant
İdarəetmə və biznes üzrə təlimçi-konsultant









