Britaniya kralının qardaşı məhkəmədə ifadə verəcək
Böyük Britaniya Kralı III Çarlzın qardaşı Endryu Mauntbatten-Vindzor dekabr ayında dələduzluq işi üzrə məhkəmədə şahid qismində ifadə verəcək.
ERAmedia BBC-yə istinadla xəbər verir ki, Endryu Mauntbatten-Vindzora dekabrın 15-də və ya həmin tarixə yaxın günlərdə Ali Məhkəmədə ifadə verməsini tələb edən məhkəmə çağırışı təqdim olunub.
Məhkəmə işi varlı bir qadının keçmiş maliyyə məsləhətçisi tərəfindən aldadıldığına dair iddiası ilə bağlıdır. Endryu Mauntbatten-Vindzor hər hansı qanun pozuntusunda ittiham olunmur. Bununla belə, onun mübahisəli ödənişlərin bir hissəsini aldığı, o cümlədən hesabına 750 min funt sterlinq köçürüldüyü bildirilir. Bu səbəbdən məhkəmədə ona maliyyə əməliyyatları ilə bağlı suallar verilə bilər.
Bu, Endryu Mauntbatten-Vindzorun 2019-cu ildə BBC-nin “Newsnight” proqramına verdiyi müsahibədən sonra ilk dəfə ictimaiyyət qarşısında sualları cavablandırması olacaq. Bildirilir ki, o, XIX əsrdən bəri məhkəmədə şahid qismində ifadə vermək üçün rəsmi çağırış alan ilk Britaniya kral ailəsi üzvü ola bilər.
Ötən ay hakim Endryu Mauntbatten-Vindzorun məhkəməyə şahid qismində çağırılmasına icazə verib. Onun kral titullarından məhrum edilməsindən sonra ilk dəfə ictimaiyyət qarşısında danışacağı gözlənildiyindən məhkəmə prosesinin geniş media marağına səbəb olacağı bildirilir.










