"Bu, Azərbaycan və Ermənistanla əlaqələri möhkəmləndirəcək" - Abdulkadir Uraloğlu
Tikintisi davam edən Qars-İğdır-Aralık-Dilucu dəmir yolu (Naxçıvan Muxtar Respublikası ilə sərhəd – red.) layihəsi Türkiyə, Ermənistan və Azərbaycan arasında dəmir yolu əlaqələrinin gücləndirilməsinə töhfə verəcək.
ERAmedia xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib.
O, dəmir yolunun inkişafını “Türkiyə üçün dövlət prioriteti” adlandırıb.
Nazirin sözlərinə görə, nəqliyyat layihələri sadəcə ölkənin infrastrukturuna qoyulan investisiyalar deyil, istehsalı, ixracı, məşğulluğu, regional inkişafı və beynəlxalq əməkdaşlığı təşviq edən strateji addımlardır: “Təkcə son 24 ildə Türkiyənin nəqliyyat sektoruna və infrastrukturuna qoyulan investisiyaların həcmi 355 milyard dollara çatıb”.
Nazir, həmçinin Türkiyənin dəmir yolu şəbəkəsinə qoyulan investisiyaların ölkə iqtisadiyyatının ritmini dəyişdirdiyini qeyd edib.
“2002-ci ildə Türkiyənin dəmir yolu şəbəkəsinin uzunluğu təxminən 11 min kilometr təşkil edirdisə, bu gün söhbət 14 min kilometrdən gedir ki, bunun da 2251 kilometri yüksəksürətlidir. Məqsədimiz ölkənin dəmir yolu şəbəkəsini 2028-ci ilə qədər 17 min 287 kilometrə, 2053-cü ilə qədər isə 28 min 590 kilometrə çatdırmaqdır. Hazırda 4164 kilometrlik dəmir yolu xəttinin tikintisini davam etdiririk”, – deyə A.Uraloğlu bildirib.
Nəqliyyat nazirinin sözlərinə görə, hökumətin planlarına 2053-cü ilə qədər yüksəksürətli dəmir yolu şəbəkəsinin genişləndirilməsi daxildir.
“2028-ci ilə qədərki dövrdə yüksəksürətli dəmir yolu şəbəkəsinin birbaşa əhatə etdiyi Türkiyə əyalətlərinin sayı 11-dən 27-yə, əsas logistika mərkəzlərinin sayı isə 13-dən 25-ə qədər artacaq”, – deyə türkiyəli nazir fikirlərini yekunlaşdırıb.









