Bu gün Milli Qəhrəmanımızın doğum günüdür
Bu gün Azərbaycanın Milli Qəhrəmanı Səfa Axundovun doğum günüdür.
ERAmedia xəbər verir ki, 1958-ci il iyunun 18-də anadan olan Səfa Axundov Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə göstərdiyi qəhrəmanlıqla xalqımızın yaddaşında silinməz iz qoyub.
Uzun müddət Latviyanın paytaxtı Riqada yaşayan Səfa Axundov Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və işğalçılıq siyasətinə laqeyd qalmayaraq 1987-ci ildə Vətənə qayıdıb. O, 1989-cu ildə Zabratdakı “Azal-aero” Aviaşirkətinə məxsus Mİ-8 helikopterinin ikinci pilotu vəzifəsinə təyin olunub.
Qarabağ müharibəsinin ən ağır dövrlərində xidmət göstərən Səfa Axundov 1992-ci il yanvarın 28-də Şuşaya iki uğurlu uçuş həyata keçirib. Həmin gün növbəti dəfə Şuşa istiqamətində uçuş zamanı helikopter Xankəndi tərəfdən atılan raketlə vurulub. Nəticədə helikopterin üç nəfərlik heyəti və 47 sərnişin şəhid olub.
Qeyd edək ki, Azərbaycanın Milli Qəhrəmanı Səfa Axundov əslən Qubadlı rayonundan idi. O, təhsilini Qubadlı şəhərində yerləşən Qara İlyasov adına 1 nömrəli orta məktəbdə alıb.
Səfa Axundovun xatirəsi bu gün də ehtiramla anılır, onun Vətən uğrunda göstərdiyi fədakarlıq gələcək nəsillər üçün örnək kimi qiymətləndirilir.
Vüsalə









