Bu il Universitetlərə qəbul zamanı hansı ixtisaslarda keçid balları qalxacaq? - AÇIQLAMA
“Bildiyiniz kimi hər il iyul, avqust ayları bütün ölkənin müzakirə obyekti “keçid balları” olur. Çünki hər il yüz mindən artıq abituriyent universitetlərl ixtisas seçimi edir. Bu rəqəm onu göstərir ki, bu mövzu cəmiyyətin hər fərdini, hər ailəsini maraqlandırır. Abituriyentləri isə ən çox düşündürən budur ki, hansı qrupda, hansı ixtisaslarda rəqabət daha yüksək olacaq. Bildiyiniz kimi hər il I qrupda rəqabət daha çox Bulud texnologiyaları ixtisaslarında, yəni: informasiya texnologiyaları, informasiya təhlükəsizliyi, data analitikasi, kiber təhlükəsizlik ixtisaslarında olur.”
Bu fikirləri ERAmedia-ya açıqlamasında təhsil eksperti Orxan İsayev deyib.
Onun sözlərinə görə: “Bu zaman ən çox düşünüləsi sual bu olmalıdır ki, hansı ixtası, hansı universitetdə oxumaq lazımdır? Yəni hansı ixtisas gələcək vəd edir və həmin ixtisas hansı universitetdə daha yaxşı tədris olunur suallarina cavab axtarmaq lazımdır. II qrupda ən çox rəqabət isə maliyyə və beynəlxalq ticarət və logistika ixtisaslarında olur. Bu ixtisasların tədrisi ingilis dilində planlarında rəqabət daha çox olur. III qrupda neçə illərdir ki, hüquqşünaslıq, dövlət və ictimai münasibətlər, tərcümə (ingilis dili), ingilis dili müəllimliyi ixtisasları yüksək ballı abituriyentlər tərəfindən daha çox seçilir. IV qrupda yüksək ballı abituriyentlər arasında rəqabət aparılan yeganə ixtisas tibb ixtisasıdır ki, bu qrupu seçən bütün abituriyentlərin yeganə hədəfi bu ixtisas olur. Məhz ötən tədris ilində 600 balı keçib heç bir universitetə qəbul olmayan abituriyentlərin 10 nəfəri bu qrupa aid idi.”
Orxan Isayev qeyd edib ki, bu abituriyentlər belə düşünür ki, ya tibbə qəbul olacağam, ya da kəsilib növbəti tədris ilində yenidən sənəd verəcəyəm. V qrupdakı ixtisasların əksəriyyəti qabiliyyət imtahanı tələb edir. Bu qrupda hər kəs öz istedadına qərar verir: “Bu tədris ilində ilkin ehtimal olaraq demək olar ki, keçid balları çox qalmayacaq, hətta bəzi ixtisaslarin keçid ballarında ötən ilə nisbətdə düşmələr olacaq. Çünki birinci və ikinci zonalarda keçirilən buraxılış imtahanları (qəbul imtahanın birinci mərhələsi) kifayət qədər çətin oldu və bu zonanın abituriyentlərinin ikinci mərhələ üçün motivasiyaları alt-üst oldu. Çünki hədəfi 600 bal olan abituriyent birinci mərhələdə 200 balı keçə bilməyəndə onun 600 bal hədəfi puç olur və ikinci mərhələyə ciddi hazırlaşa bilmir. Bütün bunlar nəzərə alınsa, həm də plan yerlərində artım olsa,bu il keçid ballarında kifayət qədər düşmələrin olacağı güclü ehtimala çevrilir” deyə təhsil eksperti əlavə edib.
Mələk Onur










