media-2022-09-01_141053

İngiltərə Kral Donanmasına məxsus pilotsuz K3 Scout müşahidə qayıqlarında istifadə olunan Çin istehsalı komponentlərin Çindəki IP ünvanına gizli şəkildə bağlantı siqnalları göndərdiyi üzə çıxıb.

ERAmedia xəbər verir ki, İngiltərə mətbuatının yaydığı xəbərə görə, Kral Donanmasına məxsus, Çin istehsalı komponentlərlə təchiz edilmiş pilotsuz müşahidə qayığının Çindəki bir ünvana gizli şəkildə məlumat göndərdiyi müəyyənləşib.

“Daily Mail” qəzetinin məlumatına görə, Kral Dəniz Piyadaları tərəfindən istifadə edilən pilotsuz K3 Scout qayığı Çindəki IP ünvanına “heartbeat” (“ürək döyüntüsü”) kimi tanınan bağlantı siqnalları göndərib.

Bu siqnallar uzaqdakı qurğuya kameraların internetə qoşulu olduğunu və normal işlədiyini bildirmək üçün nəzərdə tutulub.

Kommunikasiyanın üzə çıxması Böyük Britaniyada milli təhlükəsizliklə bağlı narahatlıqlara səbəb olub. Bundan sonra ölkənin Müdafiə Nazirliyi kameraların internet bağlantısını kəsmək qərarına gəlib.

Rəsmilər həssas hərbi məlumatların və ya Böyük Britaniya Müdafiə Nazirliyinin sistemlərindən hər hansı məlumatın ölkə xaricinə çıxarıldığına, yaxud İngiltərədən kənarda yerləşən tərəflərə ötürüldüyünə dair heç bir sübutun olmadığını bildiriblər.

Bununla belə, hadisə İngiltərənin hərbi texnika təchizat zəncirinin təhlükəsizliyi və Çin texnologiyasının xüsusi təyinatlı qüvvələrin istifadə etdiyi son dərəcə həssas sahələrə qədər nüfuz edib-etməməsi ilə bağlı yeni suallar doğurub.

Məlumata görə, pilotsuz qayıqlardan ibarət donanmanın ümumi dəyəri təxminən 12 milyon funt sterlinqdir və qayıqlar mart ayından etibarən xidmətdədir.

Qayıqların tədarükünü Britaniyanın müdafiə şirkəti Kraken Technology Group həyata keçirib.

Şirkət sözügedən kameraları üçüncü tərəf təchizatçıdan satın alıb. Təchizatçının kameraların təhlükəsizlik səviyyəsi ilə bağlı Kraken Technology Group-a təminat verdiyi bildirilib.

Lakin sonradan aparılan araşdırma zamanı kameralarda Çin istehsalı komponentlərin olduğu və cihazların Çində yerləşən IP ünvanı ilə əlaqə saxladığı müəyyənləşdirilib.

Hadisənin Britaniya Xüsusi Qayıq Xidmətinin (SBS) qərargahında çalışan şəxslərin təhlükəsizliyinin riskə atılmış ola biləcəyi ilə bağlı ciddi narahatlıqlara səbəb olduğu qeyd edilib.

Kameraların yüksək rütbəli xüsusi təyinatlı qüvvələr rəhbərlərinin iştirak etdiyi həssas görüşlərin keçirildiyi ərazilərin yaxınlığında istifadə edilmiş ola biləcəyi ehtimalı da narahatlığı artırıb.

Xüsusilə kameraların pilotsuz qayıqlar söndürüldükdən sonra belə aktiv qala bilməsi ilə bağlı məlumatlar əlavə suallar doğurub.

Məsələ ilə bağlı məlumatlı müdafiə mənbəsi “The Telegraph” qəzetinə bildirib ki, pilotsuz qayıqlardan Hörmüz boğazında naviqasiya azadlığının qorunmasına kömək məqsədilə həyata keçirilə biləcək mümkün Britaniya hərbi missiyasına hazırlıq zamanı istifadə olunub.

Mənbə baş verənləri hərbi texnikanın satın alınması prosesində “ciddi uğursuzluq” kimi qiymətləndirib.

Qəzetin məlumatına görə, hadisə Kral Donanmasının pilotsuz dəniz vasitələrini ənənəvi hərbi gəmilərlə inteqrasiya etməyi nəzərdə tutan “Project Beehive” proqramına da ciddi zərbə vurub.

K3 Scout qayıqları Kral Donanmasının yerüstü qüvvələr donanmasının tərkib hissəsidir. Bu qayıqlardan Sahil Qüvvələri Eskadronu (Coastal Forces Squadron) və Kral Dəniz Piyadalarının 47 Commando bölməsi istifadə edir.

K3 Scout 600 kiloqrama qədər yük daşıya bilir və fasiləsiz olaraq 30 günə qədər missiya yerinə yetirmək imkanına malikdir.

Mələk Onur

 


media-adspc

Bənzər xəbərlər