Çin Rusiyanın şərtlərini qəbul etmir - TƏHLİL
Rusiya prezidenti Vladimir Putin və onun ətrafının Çinə səfərin nəticələrini yüksək qiymətləndirməsinə baxmayaraq, tərəflər iki ölkə arasında “Sibirin gücü – 2” strateji qaz kəmərinin inşası məsələsində yenə də yekun razılığa gələ bilməyiblər.
ERAmedia xəbər verir ki, Rusiya prezidentinin sözçüsü Dmitri Peskov “tərəflər layihənin ümumi konturları və əsas parametrləri üzrə müəyyən bir anlaşmaya bütövlükdə nail olublar” açıqlamasını versə də, Pekindən bu mövzuda oxşar bəyanat səsləndirilməyib.
Atlas Araşdırmalar Mərkəzinin təhlilinə görə, “Sibirin gücü – 2” layihəsi ətrafında müzakirələr artıq 10 ildən çoxdur davam edir, lakin tərəflər hələ də ortaq məxrəcə gələ bilmirlər. Rusiya Ukrayna müharibəsi səbəbindən Avropa bazarında itirdiyi qaz ixracını Çin istiqamətinə yönəltməyə çalışır. Buna baxmayaraq, Pekin enerji idxalında şaxələndirmə siyasətini qoruyur və bir ölkədən asılı vəziyyətə düşmək istəmir.
Təhlildə vurğulanır ki, Çin Rusiyanın çətin vəziyyətindən istifadə edərək qazın qiymətini aşağı salmağa çalışır. Eyni zamanda Pekin Rusiyaya iri həcmli investisiyalar yatırmaqda ehtiyatlı davranır və qonşusunu əsasən xammal bazası kimi qiymətləndirir. Analitiklərin fikrincə, Moskva ilə Pekin arasındakı strateji tərəfdaşlıq daha çox taktiki xarakter daşıyır və hər iki dövlətin əsas ortaq marağı ABŞ hegemonluğunun zəifləməsidir.
Vladimir Putin və Si Cinpin arasında Ukrayna məsələsinin müzakirəsi də diqqət çəkən məqamlardan biri olub. Liderlərin ortaq bəyanatında Ukrayna “böhranının” ilkin səbəblərinin aradan qaldırılmasının vacibliyi qeyd edilib. Təhlilə görə, Kreml “ilkin səbəblər” dedikdə Donbasın Rusiyaya birləşdirilməsi, Ukraynanın NATO üzvlüyündən imtinası və digər tələblərinin qəbul edilməsini nəzərdə tutur.
Araşdırmada bildirilir ki, Çin Ukraynanın ərazi bütövlüyünü rəsmən tanısa da, Rusiyanın işğal siyasətinə qarşı sərt mövqe nümayiş etdirmir. Bununla belə, Pekin üçün də ərazi bütövlüyü prinsipi “qırmızı xətt” hesab olunur. Mərkəz hesab edir ki, müharibənin davam etməsi həm Rusiyanı, həm də Qərb dövlətlərini zəiflətdiyi üçün bu vəziyyət müəyyən mənada Çinin maraqlarına uyğundur.
Ortaq bəyanatda davamlı sülh üçün Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin yerinə yetirilməsinin vacibliyi də vurğulanıb. Təhlildə qeyd olunur ki, məhz Rusiya beynəlxalq hüququ pozaraq qonşu dövlətin ərazisini işğal edib və müharibəni davam etdirməkdə israrlıdır. Eyni zamanda sənəddə Ukrayna münaqişəsinin həlli üçün danışıqların davam etdirilməsinin vacibliyi qeyd edilsə də, Kremlin Kiyevlə yalnız öz şərtləri qəbul olunacağı halda danışıqlara hazır olduğu vurğulanır.
Məqalə müəllifləri hesab edir ki, Ukrayna ordusunun müqavimət imkanlarının artması fonunda Kiyev Kremlin şərtlərini qəbul etməyəcək. Məqalədə həmçinin qeyd olunur ki, Kreml Pekinin dəstəyini nümayiş etdirmək məqsədilə ortaq bəyanata “Rusiya Çinin Ukrayna böhranının diplomatik yollarla həllinə verdiyi dəstəyi yüksək qiymətləndirir” ifadəsini daxil edib.
Təhlildə diqqət çəkən digər məqam isə Si Cinpinin “beynəlxalq aləmdə qeyri-sabitlik yaşanır və bu, “cəngəllik dünyasına” qayıtmaq təhlükəsi yaradır” fikri olub. Məqalədə vurğulanır ki, bu ifadə bəzi rusiyalı siyasətçilər tərəfindən ABŞ-ın siyasətinə aid edilsə də, Rusiyanın Ukraynaya qarşı apardığı işğalçı müharibə də beynəlxalq hüququn kobud şəkildə pozulması və “cəngəllik dünyasına” dönüş nümunəsi kimi qiymətləndirilə bilər.
Vural










