Cinayət və Etirafın xofu
Cavanşir F EYZİYEV,
Milli Məclisin deputatı
Azərbaycan – Rusiya münasibətlərində təxminən 10 ay davam edən diplomatik gərginlik Düşənbədə özünün kulminasiya nöqtəsinə çatdı. Azərbaycana məxsus sərnişin təyyarəsinin Qroznı yaxınlığında Rusiyanın Hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulmasını rəsmən etiraf etmək üçün Rusiya siyasi rəhbərliyinə məhz 10 ay müddət lazım oldu.
Dünya mediası tərəfindən böyük maraqla izlənən diplomatik savaşın davam etdiyi 10 ay hər iki tərəf üçün əsl sınaq müddəti oldu. Cəmi 10 ay ərzində Azərbaycanın haqlı tələbləri qarşısında Rusiyanın diplomatik müqavimət gücü tükəndi və nəhayət Əlahəzrət həqiqət etiraf olundu.
Azərbaycan Prezidenti İlham Əliyevin qürurlu duruşu və tələbkar baxışları qarşısında oturduğu kresloda özünə rahat yer tapa bilməyən Vladimir Putinin baş vermiş hadisə ilə bağlı verdiyi rabitəsiz izahatını əks etdirən videogörüntülər dünyanın çoxsaylı ölkələrinin telekanallarında sürətlə yayıldı. Bu görüntülər açıq-aşkar həqiqətin qələbəsini və yalanın iflasını nümayiş etdirirdi. Liderlərin bu qeyri-adi görüşünü Rusiya da daxil olmaqla dünyanın bütün ölkələrində şərh edən təhlilçilərin demək olar ki, hamısı Azərbaycanın Rusiya üzərində diplomatik qələbəsini etiraf etməli oldular.
Baş vermiş faciə ilə bağlı Rusiyanın məsuliyyət daşıdığını etiraf edən Vladimir Putin tələb olunan kompensasiyanın ödəniləcəyini vəd etdi. Rusiya liderinin mimikası və narahatlıq ifadə edən jestləri sanki onun səmərəsiz keçən 10 ay üçün peşmançılıq hisləri keçirdiyini də büruza verirdi. Lakin bir anda “dünyanın 2-ci qüdrətli ölkəsi” adından danışdığını xatırlayan Putin bütün günahların heç də tək Rusiyanın üzərində olmadığını qeyd etməklə faciənin günahlarını öz hərbçiləri ilə “Ukrayna dronları” arasında bölüşdürməyə də cəhd göstərdi. Lakin hadisələrin dərinliyinə varmağın son nəticədə heç də Rusiyanın xeyrinə olmayacağını anlayan kimi artıq günahkarların müəyyən edilməsi və məsuliyyətə cəlb olunması ilə bağlı hüquqi prosedurlara başlanıldığını bildirdi.
Görüş demək olar ki, Dostoyevskinin “Cinayət və cəza” romanındakı kimi başa çatdı. Vladimir Putin də Dostoyevskinin qəhrəmanı Raskolnikov kimi təkzibedilməz həqiqət qarşısında cinayətin baş verməsi faktı ilə razılaşsa da, öz günahını etiraf etməkdən yayındı. Onun Azərbaycan Prezidentinə verdiyi izahatdan belə nəticə hasil oldu ki, guya baş vermiş hadisələrin əsl mahiyyəti haqqında ətraflı məlumat Rusiya prezidentinə yalnız “2 gün əvvəl” verilib və o dərhal tədbirlər görməyə başlayıb. Rusiya liderinin Azərbaycan Prezidenti qarşısında səsləndirdiyi bu uğursuz bəhanə Rusiya mətbuatının diqqətini daha çox cəlb edir. Çünki bu boşqabı əlindən salıb sındıran və valideynlərindən qorxaraq günahını boynuna almaqdan çəkinən azyaşlı uşağın davranışını xatırladır. Bəlkə də günahkar üçün ən böyük cəza elə budur – etiraf tələbi qarşısında qorxu?!
P.S. Hələ 3 ay öncə təyyarənin məhz Rusiya hərbiçiləri tərəfindən vurulduğunu etiraf etmiş Rusiya politoloqu Sergey Markov çox ciddi təzyiqlərə məruz qalmış və onun adı öz ölkəsində rəsmən “xarici agentlər” siyahısına salınmışdı. Şübhəsiz ki, Vladimir Putinin razılığı ilə. İndi isə bu etiraf Rusiya rəhbərinin öz dilindən eşidildi. Odur ki, elə bu dəqiqələrdə də Rusiya lideri öz ölkəsində də həm iqtidar və həm də müxalifət yönümlü təbliğatçılar tərəfindən kəskin tənqid atəşinə tutulur.