Səudiyyə Ərəbistanı ilə Türkiyəni birləşdirəcək dəmir yolu xətti çəkiləcək
“Səudiyyə Ərəbistanı ilə Türkiyəni İordaniya və Suriya üzərindən birləşdirəcək dəmir yolu xətti üzrə birgə texniki-iqtisadi əsaslandırma işlərinin 2026-ci ilin sonuna qədər tamamlanması planlaşdırılır”.
ERAmedia xəbər verir ki, “Al Arabiya” telekanalına istinadən xəbər verir ki, bu sözləri Səudiyyə Ərəbistanının nəqliyyat naziri Saleh əl-Casir deyib.
Nazir qeyd edib ki, bu layihə ilə bağlı ortaq işlər artıq davam edir və məqsəd region ölkələri arasında nəqliyyat əlaqələrini gücləndirməkdir.
Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu daha əvvəl Türkiyə, Suriya və İordaniyanı birləşdirəcək “müasir Hicaz dəmir yolu” layihəsinin inşasının planlaşdırıldığını açıqlamışdı. Onun sözlərinə görə, bu marşrutun gələcəkdə Səudiyyə Ərəbistanı və Omana qədər genişləndirilməsi nəzərdə tutulur.
Layihə reallaşacağı halda, İordaniyadan yola düşən yüklərin Suriya vasitəsilə Türkiyəyə, oradan isə Avropa və Mərkəzi Asiyaya daşınması mümkün olacaq. Bununla da Qırmızı dəniz regionunun Aralıq dənizi və Avropa ilə birbaşa əlaqələndirilməsi hədəflənir.










