media-e32c51ad173789068986488349810505610

Bu gün Azərbaycanın tanınmış teatr və kino aktrisası Zemfira Sadıxovanın 87 yaşı tamam olur.

ERAmedia xəbər verir ki, Azərbaycan kinosunun yaddaqalan simalarından olan aktrisanın yaradıcılıq yolunda “Dəli Kür” filmi xüsusi yer tutur. Məhz bu ekran əsərinə dəvət olunmasının maraqlı tarixçəsini Zemfira Sadıxova illər sonra verdiyi müsahibələrdən birində bölüşüb.

Aktrisanın sözlərinə görə, rejissor Hüseyn Seyidzadə onu ilk dəfə “Torpaq, dəniz, od, səma” filmindəki rolundan sonra diqqətə alıb. Bir gün kinostudiyaya gedərkən trolleybusda Seyidzadə ilə qarşılaşan aktrisa gözlənilmədən “Dəli Kür” filminin fotosınaq çəkilişlərinə dəvət alıb.

Zemfira Sadıxova bildirib ki, həmin vaxt rejissor ona həyat yoldaşının müəyyən səhnələrə etiraz edə biləcəyi barədə eşitdiyini söyləyib. Aktrisa isə buna cavab olaraq peşəkar fəaliyyətində qərarları özünün verdiyini vurğulayıb və rolun tələblərinə uyğun şəkildə çəkilməyə hazır olduğunu bildirib.

“Dəli Kür” filmində yer alan və dövrü üçün kifayət qədər cəsarətli hesab edilən səhnələr sonradan aktrisanın ətrafında müxtəlif müzakirələrə səbəb olub. Bununla belə, Zemfira Sadıxova həmin səhnədən imtina etməsinin yaradıcılığına mənfi təsir göstərə biləcəyini düşünərək rolunu sona qədər oynadığını qeyd edib.

Aktrisanın dediyinə görə, filmin nümayişindən sonra atası ekran işini yüksək qiymətləndirib, həyat yoldaşı isə onun seçimlərinə etiraz etməyib. Yalnız azyaşlı oğlunun “bir də belə filmlərə çəkilmə” deməsi onun yaddaşında qalan maraqlı xatirələrdən biri olub.

Bu gün 87 yaşını qeyd edən Zemfira Sadıxova Azərbaycan kino sənətinin yadda qalan simalarından biri kimi tamaşaçıların hörmət və sevgisini qazanmağa davam edir.

Vüsalə


media-adspc

Bənzər xəbərlər