Deputat: Azərbaycan Avropanın enerji təhlükəsizliyində əsas tərəfdaşlardan birinə çevrilib
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində Azərbaycan ilə Avropa İttifaqı arasında genişlənən enerji əməkdaşlığına toxunaraq ölkəmizin qitənin 12 dövlətinə qaz ixrac etdiyini bildirib.
ERAmedia xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramov Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadığını qeyd edib. Deputat bildirib ki, ölkəmizin təbii qaz hasilatının yaxın illərdə daha da artacağı gözlənilir.
Onun sözlərinə görə, 2025-ci ildə Azərbaycanda 51,5 milyard kubmetr təbii qaz hasil edilib. Bu göstərici 2024-cü illə müqayisədə artım deməkdir. Hasilatın 14,1 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”nin, 27,9 milyard kubmetri “Şahdəniz”in, 1,6 milyard kubmetri “Abşeron” yatağının, 7,9 milyard kubmetri isə SOCAR-ın payına düşüb.
Deputat vurğulayıb ki, qaz ixracı da artan dinamika nümayiş etdirir. Belə ki, xaricə ümumi qaz satışı 25,2 milyard kubmetr olub. Bunun 12,8 milyard kubmetri Avropaya, 9,6 milyard kubmetri Türkiyəyə, 2,3 milyard kubmetri Gürcüstana, 0,5 milyard kubmetri isə Suriyaya ixrac olunub.
Vüqar Bayramov qeyd edib ki, son 4 ildə yalnız Avropaya 57 milyard kubmetrdən çox qaz nəql edilməsi Azərbaycanın enerji bazarındakı mövqeyini daha da gücləndirib. O bildirib ki, təbii qaz ixracının həcminə görə Azərbaycan Avropa İttifaqında əsas idxalçılar sırasında yer alır.
Deputatın sözlərinə görə, planlaşdırılan və gözlənilən yeni hasilat artımları Azərbaycan qazının ixrac coğrafiyasının genişlənməsinə səbəb olacaq. Bu isə daha çox ölkəyə qaz tədarükü və ixrac gəlirlərinin artması deməkdir.
Vüqar Bayramov əlavə edib ki, yaşıl enerji istehsalının genişlənməsi daxili bazarda təbii qaza qənaət etməyə imkan verəcək. Nəticədə daha çox qazın ixracı mümkün olacaq ki, bu da dövlət gəlirlərinin və ölkəyə daxil olan valyuta axınının artmasına xidmət edəcək.
Deputat hesab edir ki, yaxın illərdə Azərbaycanın təbii qaz ixracatını əhəmiyyətli dərəcədə artırmaq potensialı var. Bu baxımdan Cənub Qaz Dəhlizinin ötürmə imkanlarının genişləndirilməsi daha da prioritet məsələyə çevrilir.
Onun fikrincə, qaz ixracatının artması yalnız iqtisadi deyil, həm də geo-siyasi baxımdan Azərbaycanın mövqeyini gücləndirəcək və regionun enerji təhlükəsizliyində ölkəmizin rolunu daha da artıracaq.
Vural










