media-1717568612_17175013282162829080_1200x630

Prezident İlham Əliyev “Bakı Enerji Həftəsi”nin rəsmi açılış mərasimində çıxışı zamanı mövcud qaz ehtiyatlarının ən azı növbəti yüz il ərzində həm Azərbaycanın, həm də tərəfdaş ölkələrin tələbatını ödəməyə kifayət edəcəyini bildirib.

ERAmedia xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramov bu məsələ ilə bağlı açıqlamasında Azərbaycanın dünyanın ən böyük təbii qaz ehtiyatlarına malik ölkələri sırasında yer aldığını qeyd edib.

Deputatın sözlərinə görə, kəşf edilmiş qaz ehtiyatları ilə bağlı müxtəlif beynəlxalq qurumlar və enerji şirkətləri tərəfindən fərqli rəqəmlər açıqlansa da, bütün qiymətləndirmələr Azərbaycanın mühüm qaz ölkəsi olduğunu təsdiqləyir. “EnergyNow Media” təşkilatının qiymətləndirmələrinə əsasən, Azərbaycan dünyada ən çox qaz ehtiyatına malik ilk 12 dövlət sırasındadır.

Vüqar Bayramov bildirib ki, BP şirkətinin hesablamalarına görə, Azərbaycanda kəşf edilmiş qaz ehtiyatları 2,5 trilyon kubmetr təşkil edir. ABŞ Enerji İnformasiya İdarəsi isə ölkənin qaz ehtiyatlarının 2 trilyon kubmetrdən çox olduğunu qiymətləndirir.

Deputat vurğulayıb ki, müstəqil qiymətləndirmələrə əsasən Azərbaycanın təsdiq edilmiş və proqnozlaşdırılan təbii qaz ehtiyatları birlikdə 3 trilyon kubmetrə çatır. Onun sözlərinə görə, bu həcmdə ehtiyat ölkənin daxili tələbatını və ixrac öhdəliklərini qarşıdakı 100 il ərzində təmin etmək üçün kifayətdir.

Qaz hasilatı göstəricilərinə də toxunan Vüqar Bayramov qeyd edib ki, 2025-ci ildə Azərbaycanda ümumi təbii qaz hasilatı 51,5 milyard kubmetr olub. Əmtəəlik qazın həcmi isə 39 milyard kubmetrə yaxın təşkil edib. Bu göstəricilər Azərbaycanın qaz hasilatına görə dünyanın ilk iyirmi ölkəsi sırasında yer almasına imkan verir.

Deputatın fikrincə, son illərdə qaz hasilatında müşahidə olunan artım dinamikası ölkənin enerji sektorunda əldə etdiyi uğurların göstəricisidir. O bildirib ki, ümumi qaz hasilatının illik 50 milyard kubmetrdən çox olması Azərbaycanın enerji bazarındakı mövqeyini daha da gücləndirir.

Vüqar Bayramov əlavə edib ki, mövcud ehtiyatlar və hasilat göstəriciləri Azərbaycanın uzun illər ərzində enerji hasil və ixrac edən ölkə statusunu qoruyub saxlayacağını göstərir.

Vural


media-adspc

Bənzər xəbərlər