media-1781765002259561459_1200x630

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində iştirak edərək çıxış edib.

ERAmedia xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, 57 dövlətin üzv olduğu İslam İnkişaf Bankı (İİB) qlobal maliyyə institutları sırasında mühüm yer tutur. Onun sözlərinə görə, 1974-cü ildə yaradılan bankın nizamnamə kapitalı 150 milyard dollar, abunə kapitalı isə 76 milyard dollar təşkil edir. Bankın ən böyük sərmayədarı 23,5 faiz payla Səudiyyə Ərəbistanıdır.

Deputat qeyd edib ki, Azərbaycanın İİB-nin nizamnamə kapitalında payı 1 faizdir və bu göstərici ölkəmizin bankın ilk on beş səhmdarı sırasında yer almasına imkan verir.

V.Bayramov vurğulayıb ki, ötən il maliyyə tərəfdaşları İİB tərəfindən maliyyələşdirilən layihələrə 5,5 milyard dollar məbləğində ianə ayıraraq ortaq maliyyə və inzibati məsuliyyətlər çərçivəsində layihələrə dəstək göstəriblər. O, əlavə edib ki, bank 2025-ci il üçün iqlim maliyyələşdirməsi hədəfini 35 faizə çatdırıb və bu istiqamətdə 2,4 milyard dollar vəsait ayırıb.

Deputatın sözlərinə görə, İİB-nin İllik Toplantılarının Bakıda keçirilməsi Azərbaycana olan beynəlxalq diqqət və etimadın növbəti göstəricisidir. O qeyd edib ki, Azərbaycan uzun illərdir yüksək səviyyəli beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edir və İİB-nin illik toplantılarında 3 mindən çox nümayəndə heyətinin iştirakı ölkənin beynəlxalq nüfuzunun daha da güclənməsinə xidmət edir.

Vüqar Bayramov bildirib ki, İllik Toplantılar çərçivəsində Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) ilə Azərbaycan arasında artıq bir sıra sazişlər imzalanıb. Ümumi dəyəri 295 milyon dollar olan bu anlaşmalar tərəflər arasında əməkdaşlığın genişlənməsinə və yeni investisiya imkanlarının formalaşmasına şərait yaradacaq.

Deputat hesab edir ki, Azərbaycan ilə İslam İnkişaf Bankı arasında əməkdaşlıq yeni mərhələyə qədəm qoyur. Onun fikrincə, xüsusilə özəl sektorun dəstəklənməsi, sahibkarlığın inkişafı və investisiyaların artırılması istiqamətində daha dərin əməkdaşlıq müşahidə olunacaq ki, bu da ölkə iqtisadiyyatına əlavə töhfələr verəcək.

Vural


media-adspc

Bənzər xəbərlər