media-173085829124455244_1200x630

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri iki ölkə arasında münasibətlərin inkişafı baxımından mühüm hadisə kimi qiymətləndirilir.

ERAmedia xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, səfər çərçivəsində əməkdaşlıq üzrə 12 sənədin imzalanması Azərbaycan-Türkmənistan əlaqələrində yeni mərhələnin əsasını qoyacaq. Deputatın sözlərinə görə, Türkmənistan dövlət başçısının Qarabağa səfəri xüsusi əhəmiyyət daşıyır. O, işğal dövründə dağıdılmış ərazilərlə yanaşı, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi Zəfərdən sonra həyata keçirdiyi genişmiqyaslı bərpa və quruculuq işləri ilə tanış olub.

Vüqar Bayramov qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun mətbuata bəyanatlarında enerji sahəsində əməkdaşlıq prioritet istiqamətlərdən biri kimi vurğulanıb. Onun sözlərinə görə, hər iki ölkənin zəngin enerji resurslarına malik olması və bu potensialın birgə istifadə olunması regional əməkdaşlığın daha da genişlənməsinə imkan yaradır.

Deputat xatırladıb ki, Azərbaycan və Türkmənistan Xəzər dənizində yerləşən “Dostluq” neft-qaz yatağının birgə işlənməsi istiqamətində uğurla əməkdaşlıq edir. O bildirib ki, 2021-ci ildə Aşqabadda “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu” imzalanıb.

Vüqar Bayramovun sözlərinə görə, yatağın təxmin edilən 200 milyon ton neft və 100 milyard kubmetr təbii qaz ehtiyatları hər iki ölkənin iqtisadi inkişafına və valyuta gəlirlərinin artmasına mühüm töhfə verə bilər. Eyni zamanda, bu əməkdaşlıq Azərbaycan və Türkmənistanın regional və beynəlxalq müstəvidə geosiyasi mövqelərinin daha da möhkəmlənməsinə xidmət edir.

Deputat vurğulayıb ki, Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri iki ölkə arasında münasibətlərin yalnız enerji sektoru ilə məhdudlaşmadığını, bütün sahələrdə möhkəm dostluq və tərəfdaşlıq əlaqələrinin mövcud olduğunu bir daha nümayiş etdirdi. Onun fikrincə, qarşılıqlı yüksək səviyyəli səfərlər və intensiv siyasi dialoq Azərbaycan-Türkmənistan əlaqələrinin daha da dərinləşməsinə, ikitərəfli əməkdaşlıqda yeni səhifənin açılmasına şərait yaradacaq.

“Türk dünyasının inteqrasiyası və həmrəyliyi güclənir. Azərbaycan və Türkmənistan arasında əlaqələrin inkişafı bu prosesə mühüm töhfə verir”, – deyə Vüqar Bayramov əlavə edib.

Vural


media-adspc

Bənzər xəbərlər