Deputat: Zəngəzur dəhlizi 60 mindən çox yeni iş yeri yarada bilər
Bir il öncə imzalanan Vaşinqton anlaşmasının əsas istiqamətlərindən biri Zəngəzur dəhlizinin və bu xəttin mühüm elementi olacaq “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) reallaşdırılması ilə bağlı əldə olunan razılaşmadır.
Milli Məclisin deputatı Vüqar Bayramov ERAmedia-ya açıqlamasında bildirib ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz keçidi təmin edəcək Zəngəzur dəhlizi bütövlükdə regionun iqtisadi inkişafına ciddi töhfə verə bilər.
Deputatın sözlərinə görə, 15 milyon ton ötürmə potensialına malik olması gözlənilən Zəngəzur dəhlizi yaxın gələcəkdə Orta Dəhlizin mühüm seqmentlərindən birinə çevriləcək. Bu isə Azərbaycanın geosiyasi mövqeyinin daha da möhkəmlənməsi ilə yanaşı, region ölkələrinin tranzit və ticarət gəlirlərinin artmasına imkan yaradacaq.
Vüqar Bayramov qeyd edib ki, qitələrarası ticarət dövriyyəsinin 200 milyard dollar artacağı gözləntiləri fonunda Zəngəzur dəhlizi mühüm nəqliyyat marşrutlarından birinə çevrilə bilər. Yüklərin 10-15 faizinin bu dəhliz vasitəsilə daşınması halında Azərbaycanın yaxın gələcəkdə illik 3 milyard dollara qədər tranzit gəliri əldə etmək potensialı var.
Onun sözlərinə görə, 10 illik proqnozlar Zəngəzur dəhlizinin 50 milyard dollar həcmində gəlir formalaşdırmaq və 60 mindən çox yeni iş yerinin yaradılmasına töhfə vermək imkanına malik olduğunu göstərir.
Deputat vurğulayıb ki, Zəngəzur dəhlizinin həm Şimal-Cənub, həm də Şərq-Qərb nəqliyyat dəhlizlərinə inteqrasiyası onun əhəmiyyətini daha da artıracaq. Bu inteqrasiya Orta Dəhlizin genişlənməsinə şərait yaradacaq və Azərbaycanın beynəlxalq yükdaşımalarından əldə etdiyi gəlirlərin artmasına imkan verəcək.
Vüqar Bayramov əlavə edib ki, yeni nəqliyyat imkanları region ölkələrinə məhsullarını alternativ marşrutlarla yeni bazarlara çıxarmaq üçün də əlavə imkanlar yaradacaq.
Deputatın fikrincə, Zəngəzur dəhlizinin əhəmiyyəti yalnız iqtisadi göstəricilərlə məhdudlaşmır. Dəhliz eyni zamanda türk dünyasını birləşdirəcək mühüm quru nəqliyyat bağlantısı kimi çıxış edə bilər.
“Zəngəzur dəhlizinin istifadəyə verilməsi Azərbaycan ilə Naxçıvan arasında quru kommunikasiyasının bərpasına, Naxçıvanın blokadadan çıxmasına və Azərbaycan başda olmaqla bütövlükdə türk dünyasının iqtisadi inkişafına mühüm töhfə verəcək”, – deyə deputat bildirib.
Vüsalə










