Deputatdan Türkiyə yığmasına dəstək: “Ümidlə baxmaq lazımdır”
Türkiyə milli komandasının Dünya Kubokunda Avstraliyaya 0:2 hesabı ilə məğlubiyyətini bəzi dairələrin həddindən artıq dramatikləşdirməsi doğru yanaşma deyil.
ERAmedia xəbər verir ki, Milli Məclisin deputatı Fazil Mustafa sosial şəbəkə hesabında paylaşdığı fikirlərdə bildirib ki, hər bir məğlubiyyət və uğursuzluq emosional reaksiyalarla deyil, soyuqqanlı şəkildə təhlil olunmalıdır.
Deputatın sözlərinə görə, Türkiyə yığması məğlub olmasına baxmayaraq, ümumilikdə pis təsir bağışlamayıb və komanda meydanda öz oyun planını həyata keçirməyə çalışıb.
“Matçın epizodlarına yenidən baxdım. Oyunçuların əksəriyyəti öz funksiyalarını yerinə yetirirdi. Belə qarşılaşmalarda bəzi amillər həlledici rol oynayır. Qapıçının fövqəladə performansı vacibdir. Türkiyə millisinin qapıçısı Uğurcan Çakır buraxılan qollarda birbaşa günahkar olmasa da, həmin epizodları yalnız qeyri-adi performansla önləmək mümkün idi. Digər tərəfdən, Avstraliya yığmasının qapıçısı ən çətin zərbələrdə komandasını xilas etməyi bacardı”, – deyə Fazil Mustafa qeyd edib.
Millət vəkili bildirib ki, rəqib komandanın futbolçuları qol epizodlarında yüksək ustalıq nümayiş etdiriblər. O, həmçinin hücum xəttində sürət, müdafiədə isə fiziki üstünlük kimi amillərin də oyunun nəticəsinə təsir göstərdiyini vurğulayıb.
Fazil Mustafa hesab edir ki, baş məşqçi Vinçenzo Montella komandanın çatışmazlıqlarını təhlil edərək növbəti oyunlarda lazımi nəticələri çıxaracaq. Onun fikrincə, Türkiyə millisinin son illərdə formalaşan kollektiv oyun üslubu və daha rasional futbol anlayışı gələcək üçün nikbinlik yaradır.
Deputat qeyd edib ki, əvvəllər Türkiyə millisində Avropanın aparıcı liqalarında çıxış edən futbolçuların sayı az idisə, hazırda bu göstərici xeyli artıb. Bu da komandanın inkişaf potensialından xəbər verir.
Fazil Mustafa qarşıdakı Paraqvay və ABŞ matçlarına bədbin yanaşanlarla razılaşmadığını da bildirib. O, futbolun sürprizlərlə zəngin oyun olduğunu vurğulayaraq Türkiyə millisinin sona qədər dəstəklənməsinin vacibliyini qeyd edib.
Deputat paylaşımında Özbəkistan milli komandasına da uğurlar arzulayıb və türk dünyasının təmsilçilərinin uğurlarının ortaq sevinc mənbəyi olduğunu bildirib.
“İnanıram ki, gələcək nəsillər Azərbaycan futbolunun uğurlarından da danışacaqlar. Özümüz iştirak etməsək belə, özümüzdən olanları daha böyük təəssübkeşliklə dəstəkləməliyik”, – deyə Fazil Mustafa vurğulayıb.
Vural










