media-gorsel_2025-12-31_165904775-768x403

ABŞ dollarının məzənnəsi həm qlobal iqtisadi proseslərdə, həm də Azərbaycanda gündəlik xərclər və investisiya qərarları baxımından diqqət mərkəzində qalmaqda davam edir. 2025-ci ilin sonlarına yaxın beynəlxalq bazarlarda baş verən proseslər dolların 2026-cı ildə mümkün taleyi ilə bağlı müzakirələri aktuallaşdırıb.

ERAmedia-nın məlumatına görə, mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli bildirib ki, Azərbaycanda valyuta məzənnəsi bazar mexanizmləri ilə deyil, inzibati qaydada tənzimlənir. Onun sözlərinə görə, bu səbəbdən manatın dollara nisbətdə real proqnozlaşdırılması mümkün deyil.

İqtisadçı qeyd edib ki, klassik iqtisadi yanaşma ilə müxtəlif göstəricilər əsasında proqnoz vermək mümkün olsa da, inzibati məzənnə rejimi bu ehtimalları istisna edir:

“Azərbaycanda dolların bahalaşması yalnız inzibati qərar əsasında baş verə bilər. Əgər belə bir qərar olmasa, məzənnədə dəyişiklik gözlənilmir. 2026-cı ildə dolların bahalaşacağını düşünmürəm”.

Natiq Cəfərli vurğulayıb ki, manatın dəyərdən düşməsi üçün çox ciddi iqtisadi şərtlər formalaşmalıdır. Onun sözlərinə görə, neftin qiymətinin 40 dollara qədər enməsi və qlobal iqtisadi böhranların dərinləşməsi kimi hallar dolların bahalaşmasına səbəb ola bilər.

“Gələn il neftin qiymətində müəyyən ucuzlaşma gözlənilsə də, bu, təkbaşına məzənnə dəyişikliyi üçün yetərli deyil”, – deyə o, əlavə edib.

İqtisadçının fikrincə, manatla bağlı konkret qərarın məhz 2026-cı ildə veriləcəyini söyləmək çətindir. Bununla belə, uzunmüddətli perspektivdə dolların bahalaşmasının qaçılmaz olduğunu bildirir:

“Zaman baxımından bunu dəqiq demək mümkün olmasa da, perspektiv baxımından manatın inzibati qərarla ucuzlaşması gec-tez baş verəcək”.

Ekspertin sözlərinə görə, hazırkı mərhələdə əhali üçün əsas məsələ qısamüddətli panikadan uzaq durmaq və iqtisadi prosesləri uzunmüddətli perspektivdə dəyərləndirməkdir. (Konkret.az)


media-adspc

Bənzər xəbərlər