Dövlət İdarəçilik Akademiyasında “Məzun günü” qeyd olunub

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) “Məzun günü” münasibətilə tədbir keçirilib.
ERAmedia xəbər verir ki, tədbirdə akademiyanın rəhbərliyi, Milli Məclisin deputatları, professor-müəllim heyəti, məzunlar, onların valideynləri və qonaqlar iştirak ediblər.
Mərasimdə çıxış edən akademiyanın rektoru, akademik Urxan Ələkbərov məzunları əlamətdar gün münasibətilə təbrik edərək onların gələcək fəaliyyətində uğurlar arzulayıb. Rektor çıxışında DİA-nın ölkənin intellektual potensialının formalaşmasına verdiyi töhfələrdən, keyfiyyətli təhsil mühitindən, eləcə də məzunların əldə etdiyi uğurlardan bəhs edib.
Tədbirdə çıxış edən Milli Məclisin deputatları, professor Hikmət Babaoğlu və dosent Aydın Mirzəzadə məzunları təbrik edərək onların dövlətə, cəmiyyətə və milli maraqlara sadiq, yüksəkixtisaslı mütəxəssislər kimi yetişməsinin əhəmiyyətini vurğulayıblar. Çıxışlarda gənclərə biliklərini daim inkişaf etdirmək, Vətənə layiqincə xidmət etmək və Azərbaycanın gələcək inkişafında fəal iştirak etmək arzuları ifadə olunub.
Akademiyanın Siyasi idarəetmə fakültəsinin dekanı, dosent Mürtəza Həsənov və İnzibati idarəetmə fakültəsinin dekanı, dosent Elnur Əliyev çıxış edərək məzunlara gələcək həyat və peşə fəaliyyətlərində uğurlar arzulayıb, onların əldə etdikləri bilik və bacarıqların ölkəmizin inkişafına mühüm töhfə verəcəyinə əmin olduqlarını bildiriblər.
Qeyd olunub ki, DİA məzunları ölkəmizin ən uğurlu gəncləri sırasında xüsusi yer tuturlar. Onlar dövlət qulluğuna qəbul, yüksəliş müsabiqələri, magistraturaya qəbul imtahanları, eləcə də xaricdə təhsil proqramlarında əldə etdikləri yüksək nəticələrlə ölkə miqyasında seçilən məzunlar kimi tanınırlar. Bu nailiyyətlər akademiyanın güclü elmi-pedaqoji potensialının, sistemli təhsil mühitinin və tələbələrin əzmkarlığının parlaq göstəricisidir.
Tədbirin bədii hissəsində tanınmış ifaçıların iştirakı ilə konsert proqramı təqdim olunub.










