Duma deputatı Pekini tənqid etdi
Rusiya siyasi və ekspert dairələrində Çinin siyasəti ilə bağlı fərqli yanaşmalar mövcuddur.
Siyasi şərhçi Elxan Şahinoğlu ERAmedia-ya açıqlamasında bildirib ki, Kreml əvvəlkitək Pekini strateji tərəfdaş hesab etsə də, Rusiyada Çin-Rusiya münasibətlərinə tənqidi yanaşan siyasətçilər də var.
Şərhçinin sözlərinə görə, Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov Vladimir Putinin may ayında Çinə səfərinin nəticələrini yüksək qiymətləndirərək, bu təmasların beynəlxalq aləmdə sabitləşdirici rol oynadığını vurğulayıb.
Elxan Şahinoğlu qeyd edib ki, Rusiya hakim partiyasının üzvü və Dövlət Dumasının deputatı Konstantin Zatulin isə fərqli mövqe sərgiləyir. Deputat hesab edir ki, Çin Rusiyaya kifayət qədər dəstək vermir. O, Avropa İttifaqının Ukraynaya geniş dəstəyini nümunə göstərərək bildirib ki, Rusiyanın strateji tərəfdaşı sayılan Pekin Moskvaya analoji səviyyədə yardım göstərmir.
“Zatulinin fikrincə, Çin əsasən öz maraqlarını güdür və Rusiya ilə tərəfdaşlıqdan maksimum fayda əldə etməyə çalışır. O, buna misal olaraq Çinin Rusiyadan aldığı neft və qazın qiymətlərinin aşağı salınmasını göstərir”, – deyə şərhçi bildirib.
Elxan Şahinoğlunun sözlərinə görə, Zatulinin iradlarında müəyyən həqiqət payı var. “Pekin həqiqətən də Kremlə onun arzuladığı səviyyədə dəstək vermir. Lakin Çinin Rusiyanı müharibədə dəstəkləmək kimi öhdəliyi yoxdur. Vladimir Putin Ukraynaya qarşı müharibəyə başlayarkən bu qərarı Çin lideri Si Cinpinlə razılaşdırmamışdı. Buna görə də Pekin Moskvanın addımlarına birmənalı dəstək verməkdən çəkinib”, – deyə o vurğulayıb.
Siyasi şərhçi qeyd edib ki, buna baxmayaraq, Çin Rusiyaya hərbi texnika istehsalı üçün zəruri avadanlıqlar təqdim edib. Onun sözlərinə görə, Konstantin Zatulin Çinin Rusiyaya müasir dronlar satdığını da etiraf edib. Bununla yanaşı, deputat Pekinin Ukraynaya da dron satdığını iddia etsə də, Elxan Şahinoğlu bu barədə hər hansı faktın olmadığını bildirib.
Şərhçi hesab edir ki, Pekin həm Rusiya-Ukrayna müharibəsində, həm də ABŞ-İran qarşıdurmasında ilk növbədə öz milli maraqlarından çıxış edir. “Çin eyni zamanda Rusiya və İranın məğlub olmasında maraqlı deyil. Çünki hər iki ölkənin zəifləməsi Pekinin qlobal və regional mövqelərinə mənfi təsir göstərə bilər. Buna görə də Çin Moskva və Tehrana onların istədiyi səviyyədə dəstək verməsə də, hər iki ölkənin ayaqda qalması üçün lazım olan addımları atır”, – deyə Elxan Şahinoğlu əlavə edib.
Vural









