Enerji marşrutlarında yeni reallıq: İran nefti Çinə daşınır - TƏHLİL
Təxminən 2 milyon barel İraq neftini Çinə daşıyan supertanker ABŞ-ın tətbiq etdiyi dəniz blokadasını keçərək Ərəb dənizinə daxil olub.
ERAmedia xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, “Eagle Verona” adlı iri neft tankeri Oman körfəzindən keçərək Ərəb dənizinə daxil olub və yükünü Çinə çatdırmaq üçün marşrutunu davam etdirir.
Dəniz nəqliyyatı üzrə məlumat bazası olan “Equasis”in məlumatına əsasən, gəmi Sinqapurda fəaliyyət göstərən Malayziya şirkəti AET Inc PTE Ltd-yə məxsusdur.
Qeyd olunur ki, sözügedən şirkət MISC qrupunun tərkibinə daxildir. MISC isə öz növbəsində Malayziyanın dövlət enerji şirkəti PETRONAS-ın strukturuna daxildir. Bildirilir ki, MISC və AET şirkətlərinin Sinqapurda eyni hüquqi ünvanı var.
ABŞ-ın qlobal enerji marşrutları üzərində nəzarəti saxlamaq cəhdlərinə baxmayaraq, təxminən 2 milyon barel İraq neftini daşıyan “Eagle Verona” supertankerinin Ərəb dənizinə daxil olması beynəlxalq enerji siyasətində diqqət çəkən hadisəyə çevrilib. Hadisə təkcə bir yük gəmisinin marşrutu ilə bağlı deyil, son illərdə sürətlə dəyişən qlobal güc balansının və Vaşinqtonun iqtisadi-siyasi təzyiq alətlərinin effektivliyi ilə bağlı ciddi suallar doğuran yeni geosiyasi siqnaldır.
Çinin enerji təhlükəsizliyi strategiyası uzun müddətdir Yaxın Şərq resurslarına əsaslanır. Pekin xüsusilə İraq, İran və Səudiyyə Ərəbistanı ilə əməkdaşlığı genişləndirərək enerji idxalını sabit saxlamağa çalışır. ABŞ isə həm bölgədəki hərbi mövcudluğu, həm də dəniz yollarına təsir imkanları vasitəsilə bu proseslərə təsir göstərmək istəyir. “Eagle Verona”nın Oman körfəzindən keçərək Ərəb dənizinə daxil olması göstərir ki, Vaşinqtonun regional nəzarət imkanları əvvəlki qədər mübahisəsiz qəbul olunmur.
Bu hadisənin mühüm tərəflərindən biri də daşımanın arxasında dayanan korporativ strukturla bağlıdır. Gəminin Sinqapurda fəaliyyət göstərən Malayziya şirkəti AET Inc PTE Ltd-yə məxsus olması, həmin şirkətin isə MISC və nəticə etibarilə PETRONAS qrupuna bağlılığı enerji bazarında Asiya ölkələrinin koordinasiyasının gücləndiyini göstərir. Bu, eyni zamanda Qərb mərkəzli maliyyə və logistika sistemlərinə alternativ marşrut və tərəfdaşlıq mexanizmlərinin formalaşdığını ortaya qoyur.
Vaşinqton son illər enerji sektorunu xarici siyasətin əsas alətlərindən birinə çevirib. Sanksiyalar, logistika məhdudiyyətləri və dəniz marşrutlarına nəzarət vasitəsilə ABŞ rəqiblərinə təzyiq etməyə çalışır. Lakin dünya iqtisadiyyatının mərkəzinin tədricən Asiyaya yönəlməsi bu siyasətin təsir dairəsini zəiflədir. Çin təkcə ən böyük enerji istehlakçılarından biri deyil, həm də alternativ iqtisadi və nəqliyyat sistemləri quran əsas geosiyasi aktora çevrilib.
“Eagle Verona” hadisəsi göstərir ki, enerji təhlükəsizliyi məsələsi artıq yalnız iqtisadi məsələ deyil, böyük güclər arasında strateji rəqabətin əsas komponentidir. İraq neftinin maneəsiz şəkildə Çin istiqamətində hərəkəti onu deməyə əsas verir ki, beynəlxalq münasibətlər sistemində birtərəfli təzyiq mexanizmlərinin təsir gücü azalır və daha çoxtərəfli, balanslı geosiyasi düzən formalaşır.
Başqa sözlə, Ərəb dənizinə daxil olan bu tanker yalnız neft daşımır, həm də qlobal güc mərkəzlərinin dəyişdiyini göstərən siyasi mesaj daşıyır. ABŞ üçün bu, təsir imkanlarının yenidən qiymətləndirilməsini tələb edən xəbərdarlıqdırsa, Çin və onun tərəfdaşları üçün daha sərbəst iqtisadi manevr imkanlarının genişləndiyini göstərən növbəti nümunədir.
ERAmedia Analitik Qrupu









