Erməni mediasının yeni manipulyasiyası - Bu iddialar təkzib edildi
Ermənistan mediasında Zəngəzur dəhlizinin açılması və Naxçıvan Muxtar Respublikasının statusu ilə bağlı yeni iddialar irəli sürülüb.
Milli Məclisin sabiq deputatı Qulamhüseyn Əlibəyli ERAmedia-ya açıqlamasında bildirib ki, bu cür absurd yanaşmalar Azərbaycana qarşı aparılan hibrid müharibənin, siyasi-psixoloji və informasiya mübarizəsinin tərkib hissəsidir və mövcud geosiyasi-hüquqi reallığı deyil, qərəzli interpretasiyanı əks etdirir.
Onun sözlərinə görə, Ermənistan mediası iddia edir ki, Zəngəzur dəhlizinin açılması üçün əvvəlcə Naxçıvan Muxtar Respublikasının statusu dəqiqləşdirilməlidir. Guya Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında bir müddət əvvəl edilən dəyişikliklərlə 16 mart 1921-ci il tarixli Moskva və 13 oktyabr 1921-ci il tarixli Qars müqavilələrinə istinadın çıxarılması muxtar respublikanın statusunu aydınlaşdırmayıb və bu status yalnız Ermənistanın yeni Konstitusiyası qəbul edildikdən sonra müəyyən edilə bilər. Həmçinin iddia olunur ki, Azərbaycanın Ermənistan Konstitusiyasında dəyişiklik tələbi də məhz bununla bağlıdır.
Qulamhüseyn Əlibəyli bildirib ki, bu iddiaların heç bir hüquqi əsası yoxdur. O qeyd edib ki, Ermənistan ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirəcək, Azərbaycanın “Zəngəzur dəhlizi” adlandırdığı və Azərbaycan Prezidenti ilə Ermənistanın Baş nazirinin ABŞ-ın Vaşinqton şəhərində keçirilən görüşünün nəticələrinə dair 8 avqust 2025-ci ildə ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə imzalanmış Birgə Bəyannamədə “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) kimi qeyd olunan regional bağlantı layihəsinin həyata keçirilməsi Naxçıvanın statusundan asılı deyil.
Sabiq deputat vurğulayıb ki, Azərbaycan Ermənistan Konstitusiyasında dəyişiklik tələb etsə də, bu tələb Naxçıvanın statusu ilə bağlı deyil. Onun sözlərinə görə, söhbət hər iki ölkənin xarici işlər nazirləri tərəfindən artıq paraflanmış “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in imzalanması üçün zəruri hüquqi maneələrin aradan qaldırılmasından gedir.
Q.Əlibəyli bildirib ki, Azərbaycan Ermənistan Konstitusiyasından ölkəmizə qarşı ərazi iddialarına hüquqi əsas yaradan müddəaların, o cümlədən keçmiş Dağlıq Qarabağı Ermənistan ərazisi kimi təqdim edən Ermənistanın Müstəqillik Bəyannaməsinə istinadın çıxarılmasını tələb edir. Onun sözlərinə görə, Ermənistan hakimiyyəti də “Real Ermənistan” konsepsiyasını əsas götürərək bu konstitusiya dəyişikliklərini həyata keçirməyi öhdəsinə götürüb.
Ekspert hesab edir ki, Naxçıvanın statusunun yalnız Ermənistanın yeni Konstitusiyası ilə müəyyən edilə biləcəyi barədə iddia tamamilə məntiqsizdir. O bildirib ki, Azərbaycanın beynəlxalq birlik, o cümlədən Ermənistan tərəfindən tanınmış ərazisinin statusunun başqa bir dövlətin Konstitusiyası ilə müəyyənləşdirilə biləcəyini iddia etmək hüquqi baxımdan əsassız olmaqla yanaşı, siyasi manipulyasiya xarakteri daşıyır.
“Naxçıvanın statusunun Ermənistanın Konstitusiyası ilə müəyyən edilə biləcəyi barədə fikir normal hüquqi məntiqlə izah oluna bilməz. Bu cür iddialar yalnız qərəzli təbliğatın və reallıqdan uzaq siyasi təfəkkürün məhsuludur”, – deyə Qulamhüseyn Əlibəyli əlavə edib.









