Erməni siyasətçi həbs edildi
Bu gün səhər saatlarında Ermənistanda “Ayakve” birliyinin koordinatoru, ictimai-siyasi fəal Avetik Çalabyan saxlanılıb.
ERAmedia xəbər verir ki, bu barədə Ermənistanın Milli Vətəndaş Birliyi “Ayakve” təşkilatı məlumat yayıb.
Saxlanılmanın səbəbləri və digər təfərrüatlar hələlik açıqlanmayıb.
Qeyd edək ki, Avetik Çalabyan erməni ictimai-siyasi fəali, iqtisadçı və biznes məsləhətçisidir. O, əvvəllər beynəlxalq konsaltinq şirkəti olan “McKinsey & Company” ilə çalışıb, daha sonra Ermənistan siyasətində və vətəndaş təşəbbüslərində fəal iştirak edib. Çalabyan 2023-cü ildən etibarən “Ayakve” (“Erməni səsi”) hərəkatının koordinatorlarından biri kimi tanınıb. Bu təşəbbüs Ermənistan hökumətinin siyasətini tənqid edən müxalif yönümlü platformalardan biridir.
Çalabyan ilk dəfə geniş rezonans doğuran şəkildə 2022-ci ilin mayında saxlanılmışdı. Ermənistan istintaq orqanları onu müxalifət aksiyalarına tələbələri cəlb etmək üçün pul və ya maddi maraq təklif etməkdə ittiham edirdi. İstintaqın iddiasına görə, o, etiraz aksiyalarında iştirak üçün tələbələrin təşkilinə görə maliyyə vəsaiti təklif edib.
2023-cü ildə məhkəmə onu təqsirli bilsə də, 2024-cü ildə apellyasiya instansiyası hökmü ləğv edərək işi yenidən baxılması üçün aşağı instansiya məhkəməsinə qaytarıb.
Bugünkü saxlanılma ilə bağlı isə hələlik rəsmi ittiham və ya hüquqi əsaslar açıqlanmayıb. Hazırda yalnız onun saxlanıldığı barədə məlumat yayılıb və əlavə təfərrüatlar gözlənilir.
Vural









