media-1e3b34b

Şərq cəmiyyətlərində dəyişikliklərin mahiyyəti və tarix şüurunun zəifliyi barədə növbəti dəfə maraqlı fikirlər səsləndirilib.

ERAmedia xəbər verir ki, yazıçı Aqşin Yenisey Şərqin, xüsusilə də başda Rusiyanın olmaqla, italyan yazıçısı Giuseppe Tomasi di Lampedusanın “Leopard” romanındakı şahzadənin “hər şeyi o qədər az dəyişdir ki, hər şey tamamilə olduğu kimi qalsın” fikrinə uyğun bir yol seçdiyini bildirib.

Yazıçının sözlərinə görə, bu yanaşma cəmiyyətlərdə dəyişiklik görüntüsü yaratsa da, mahiyyət etibarilə mövcud vəziyyətin qorunmasına xidmət edir. O qeyd edib ki, məhz buna görə elmin elmilik, sənətin dünyəvilik, fəlsəfənin isə bəşərilik prinsipi çox vaxt millilik prinsipinə qurban verilir.

Aqşin Yenisey hesab edir ki, əgər cəmiyyət elmin, sənətin və fəlsəfənin universal prinsiplərini əsas götürsəydi, köklü dəyişikliklər qaçılmaz olardı. Onun fikrincə, millilik prinsipi isə elə bir dəyişiklik modeli təqdim edir ki, nəticədə ciddi yenilənmə baş vermir və dəyişiklik yalnız zahiri xarakter daşıyır.

Yazıçı bildirib ki, həqiqi dəyişiklik üçün yeni nəslin formalaşması vacibdir. Onun sözlərinə görə, belə bir nəsil İsanın “Buraxın, ölülər ölülərini dəfn etsinlər” fikrində ifadə olunan yanaşma ilə hərəkət etməlidir.

Aqşin Yenisey vurğulayıb ki, 1918-ci ildə Azərbaycanda belə bir nəslin formalaşması müşahidə olunsa da, ölkənin Rusiya, İran və Türkiyə kimi tarixi olsa da tarix şüuru zəif olan dövlətlərin əhatəsində olması bu prosesin uzunömürlü olmasına imkan verməyib.

Onun fikrincə, tarix şüurunun əsas vəzifəsi tarixi təcrübədən gələcəyin qurulması üçün istifadə etməkdir. Yazıçı hesab edir ki, adıçəkilən ölkələrdə nəzərəçarpan dəyişikliklər əsasən hərbi sahədə baş verir və bu, cəmiyyətin düşüncə tərzini yeniləmir. O, bunu obrazlı şəkildə belə ifadə edib: insan əvvəlki kimi qalır, sadəcə qılıncın yerini “Bayraktar” tutur.

Aqşin Yenisey qeyd edib ki, belə dəyişikliklər cəmiyyətə yeni keyfiyyət qazandırmır, yalnız tarixə növbəti səhifə əlavə edir. Onun sözlərinə görə, cəmiyyət də zamanla bu modelə alışır və fərqli düşüncə sahibləri məqsədlərinə çatmadan ictimai təzyiqlə üzləşirlər.

Yazıçı fikirlərini “Mənim nə ümidim, nə də ümidsizliyim heç vaxt şəxsi olmayıb” sözləri ilə yekunlaşdırıb.

Mələk Onur


media-adspc

Bənzər xəbərlər