media-1781855195329511504_1200x630

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə AMEA Folklor İnstitutu arasında əməkdaşlıq perspektivlərinə həsr olunmuş görüş keçirilib.

ERAmedia-ya bu barədə AMEA Folklor İnstitutundan bildirilib.

AMEA Folklor İnstitutunun direktoru filologiya elmləri doktoru Hikmət Quliyev qeyd edib ki, İçərişəhər yalnız memarlıq abidələri ilə deyil, həm də əsrlər boyu formalaşmış folklor yaddaşı, şəhər əfsanələri, rəvayətləri, ənənəvi davranış modelləri və mədəni təcrübələri ilə seçilən unikal mədəni məkandır. O vurğulayıb ki, bu irsin sistemli şəkildə toplanması, elmi tədqiqi və müasir kommunikasiya texnologiyalarının imkanlarından istifadə edilməklə geniş auditoriyalara çatdırılması mühüm əhəmiyyət daşıyır.

Daha sonra “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin üzvü Aytac Əlisultanlı, İdarənin Aparat rəhbərinin müavini Rəna Nəsirova-Mustafayeva, Muzey Mərkəzinin direktoru Murad Mirzəyev, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri Rüfət Mahmud çıxış ediblər.

Çıxışlar zamanı İçərişəhərin zəngin tarixi-mədəni irsinin folklor kontekstində araşdırılması, qorunması və müasir yanaşmalar əsasında təqdim olunması istiqamətində əməkdaşlıq imkanları nəzərdən keçirilib, tarixi abidələr və şəhər mühiti ilə bağlı folklor materiallarının toplanması, elmi dövriyyəyə daxil edilməsi, rəqəmsal humanitar yanaşmalar əsasında təqdim olunması, həmçinin mədəni irsin yeni texnoloji həllər vasitəsilə tanıdılması istiqamətində əməkdaşlıq perspektivləri müzakirə olunub. İçərişəhərin sakin yaddaşında qorunan şifahi tarix materiallarının, şəhər əfsanələrinin və mədəni təcrübələrin sənədləşdirilməsi, bu irsin yerli və beynəlxalq auditoriyalara təqdim olunması, eləcə də birgə elmi, maarifləndirici və mədəni layihələrin həyata keçirilməsi ilə bağlı təkliflər səsləndirilərək, Folklor, tarix, şəhər mədəniyyəti və kollektiv yaddaş mövzularında seminarların, mühazirələrin, sərgilərin və digər elmi-mədəni tədbirlərin təşkili, eləcə də innovativ texnologiyaların mədəni irsin təqdimatında tətbiqi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Sonda tərəflər elmi-tədqiqat, mədəni irsin qorunması, rəqəmsallaşdırılması, təbliği istiqamətində əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi barədə razılığa gəliblər.

Görüş çərçivəsində qonaqlara institutun fəaliyyət istiqamətləri, struktur bölmələri, elmi layihələri və nəşrləri barədə ətraflı məlumat verilib. Daha sonra nümayəndələr institutun şöbələri ilə tanış olub, aparılan tədqiqatlar və perspektiv elmi istiqamətlər barədə fikir mübadiləsi aparıblar.


media-adspc

Bənzər xəbərlər