Fuad Poladovun sinif yoldaşı məktəb illərindən nələri danışdı
Xalq artisti Fuad Poladovun sinif yoldaşı Nərgiz məktəb illərinə dair maraqlı xatirələrini bölüşüb.
ERAmedia xəbər verir ki, Nərgiz tanınmış sənətkarın hələ məktəb dövründə yüksək insani keyfiyyətləri ilə seçildiyini bildirib. Onun sözlərinə görə, Fuad Poladov sinif yoldaşları arasında məsuliyyəti, qayğıkeşliyi və nümunəvi davranışı ilə hamının hörmətini qazanmışdı.
Nərgiz məktəb illərində baş vermiş bir hadisəni xatırlayaraq deyib ki, kimya kabinetinə daxil olarkən şagirdlər adətən qapının şüşəsinə əl ilə vururdular. O da eyni hərəkəti etmək istəyəndə Fuad Poladov ona mane olmağa çalışıb və şüşənin sınacağını söyləyib. Lakin xəbərdarlığa baxmayaraq, Nərgiz şüşəyə toxunduğu anda o çilik-çilik olub.
Sinif yoldaşının sözlərinə görə, hadisədən sonra Fuad Poladov onu müdafiə etmək üçün məsuliyyəti öz üzərinə götürməyə hazır olub. O, direktorun yanına gedərək şüşəni özünün sındırdığını demək istəsə də, Nərgiz buna razı olmayıb və etdiyi hərəkətə görə cavabdehliyi özü daşıyacağını bildirib.
Nərgiz qeyd edib ki, Fuad Poladovun əsas fərqləndirici cəhəti onun mərdliyi və insanlara münasibəti idi. O, xüsusilə qız sinif yoldaşlarına böyük hörmət və qayğı ilə yanaşır, hər kəslə mehriban münasibət qururdu.
“Fuad sinfimizin ən nümunəvi oğlanı idi. Digər uşaqlar da ona baxıb örnək götürürdülər. Heç vaxt eşitmədik ki, kiminləsə mübahisə etsin və ya dava etsin”, – deyə Nərgiz xatirələrini bölüşüb.
Vüsalə









