Gələn il neftin qiyməti necə olacaq-PROQNOZ
ABŞ Prezidenti Donald Trampın Venesuelanı blokadaya alması nəticəsində dünya bazarında neftin qiyməti 1 faiz artıb. Ötən gün ABŞ Hərbi Dəniz Qüvvələri Venesuelaya məxsus 2 milyon ton neft daşıyan “Centuries” tankerini saxlayıb. Bununla yanaşı Venesueladan neft doldurub Karib dənizinə çıxan “Bella-1” tankeri də saxlanılıb, araşdırma aparılır.
ERAmedia xəbər verir ki, bütün bunlardan sonra dünya bazarında “Brent” markalı neftin qiymətinin 1 bareli 62,24, WTI markalı neftin qiyməti isə 58,46 dollara yüksəlib.
“Bloomberg” yazır ki, neftin qiymətinin 1 faiz yüksəlməsinə təsir edən faktlardan biri də ilk dəfə olaraq Ukrayna hərbi dronlarının Aralıq dənizində Rusiya neftini gizlin formada daşıyan tankerlərə zərbə endirməsi olub.
“Westpac Banking” bankının analitiki Robert Renni bildirib ki, bu gün dünya bazarında neftin qiymətinə güclü təsir edən faktor geosiyasi dəyişiklərdir. Buna baxmayaraq ilin sonuna az qalıb və yeni il tətillərindən sonra neftin 1 barelinin qiyməti 50 dollar ətrafında olacaq.
Dünya miqyasında ən çox neft istehlak edən dövlətlərdən biri Çindir ki, onun da iqtisadiyyatında durğunluq yaranıb. Çində fəaliyyət göstərən 130 avtomobil istehsalçısının kəskin rəqabəti qiymətlərin azalmasına təsir edib. Çin avtomobillərinin həm daxili bazarda, həm də xarici bazarlarda ucuzlaşıb. Bir sıra avtomobil zavodları istehsalı azaltmaq məcburiyyətində qalıblar. Çin iqtisadiyyatının durmadan inkişafı tələb və təklif prinsipini pozub. İllərlə tikilən zavod və fabriklər istehlak olunandan daha çox məhsul istehsal ediblər ki, bu da yalnız avtomobil sənayesində deyil, bütün sahələrdə qiymət endiriminə gətirib çıxarıb.
Gələn il neftin qiymətinin 50 dollar və daha aşağı olmasının səbəbi Çində iqtisadi artımın azalması və Ukrayna müharibəsinin davamı ilə əlaqədar olacaq.
ABŞ və Rusiya rəsmilərinin keçirdiyi görüşlər bazarda optimizm yaratsa da (qiymətlər 2, bəzən isə 3,5 dollar azaldı), görüşlərin nəticəsiz qalması qiymətlərin yenidən artmasına (2 və 3,5 dollar) səbəb oldu. Hələlik bazarda qeyri-müəyyən sabitlik hökm sürür. İstənilən halda bazara istehlak həddindən çox neft çıxarılır ki, bu da qiymət artımının qarşısını alır.









