media-w720h405fill

ABŞ və İran arasında Fransanın Versal Sarayında imzalanan 14 maddəlik anlaşma memorandumu yalnız iki ölkə arasında hərbi qarşıdurmanın dayandırılması baxımından deyil, həm də Yaxın Şərqin gələcək geosiyasi arxitekturasına təsir göstərə biləcək mühüm hadisə kimi qiymətləndirilir.

Siyasi şərhçi Mürtəza Bünyadlı ERAmedia-ya açıqlamasında bildirib ki, sənədin məhz Versalda imzalanması təsadüfi seçim deyil və ciddi siyasi-simvolik məna daşıyır.

Onun sözlərinə görə, Birinci Dünya müharibəsindən sonra formalaşan Versal sistemi yeni beynəlxalq münasibətlər nizamının əsasını qoymuş, Osmanlı imperiyasının parçalanması ilə Yaxın Şərq böyük güclərin maraqları əsasında yenidən formalaşdırılmışdı.

“Bu gün dünya yenidən böyük transformasiya mərhələsinə daxil olur. Rusiya-Ukrayna müharibəsi, Çin-ABŞ rəqabəti, enerji marşrutları uğrunda mübarizə, İsrail-İran qarşıdurması və qlobal təhlükəsizlik sistemindəki dəyişikliklər yeni dünya düzəninin formalaşmasını sürətləndirir. Belə bir şəraitdə ABŞ və İran arasında əldə edilən razılaşmanın məhz Versalda imzalanması yüz il əvvəl qurulan geosiyasi nizamın yenilənməsi mesajı kimi görünür”, – deyə o vurğulayıb.

M.Bünyadlı qeyd edib ki, əgər XX əsrin əvvəllərində Yaxın Şərq Avropa imperiyalarının maraqları əsasında bölüşdürülmüşdüsə, XXI əsrdə regionun yeni geosiyasi reallıqlara uyğun şəkildə yenidən formatlaşdırılması prosesi müşahidə olunur.

Siyasi şərhçinin fikrincə, bu dəfə proses müstəmləkəçilik prinsipləri üzərində deyil, enerji təhlükəsizliyi, iqtisadi inteqrasiya, logistika marşrutları və regional güclərin iştirakına əsaslanır.

O bildirib ki, razılaşmada diqqət çəkən əsas məqamlardan biri ABŞ-ın yenidən qlobal arbitr rolunda çıxış etməsidir.

“Hörmüz boğazının açılması, sanksiyaların mərhələli şəkildə ləğvi, İranın beynəlxalq iqtisadi sistemə reinteqrasiyası və yekun sənədin BMT Təhlükəsizlik Şurasında təsdiqlənməsi Vaşinqtonun prosesə rəhbərlik etdiyini göstərir”, – deyə M.Bünyadlı vurğulayıb.

Ekspert hesab edir ki, bu razılaşma Yaxın Şərqdə yeni güc balansının formalaşdığını da nümayiş etdirir. Onun sözlərinə görə, artıq regiondakı proseslər yalnız ABŞ, Rusiya və Avropa dövlətləri tərəfindən idarə olunmur.

“Pakistanın vasitəçilik missiyasını öz üzərinə götürməsi İslamabadın beynəlxalq nüfuzunun artdığını göstərir. Türkiyə regional təhlükəsizlik və diplomatik platforma rolunu möhkəmləndirir. Qətər yenidən dialoq məkanı kimi ön plana çıxır. Səudiyyə Ərəbistanı regionun iqtisadi və siyasi sabitliyində maraqlı tərəf kimi çıxış edir. Misir isə ərəb dünyasının ənənəvi siyasi mərkəzi olaraq prosesin legitimliyinə əlavə dəstək verir”, – deyə o qeyd edib.

Mürtəza Bünyadlının sözlərinə görə, danışıqların növbəti mərhələsinin Cenevrədə davam etdirilməsi də xüsusi məna daşıyır.

“Əgər Versal tarixi dönüş nöqtəsini və yeni geosiyasi konsepsiyanın elanını simvolizə edirsə, Cenevrə beynəlxalq diplomatiyanın, kompromislərin və hüquqi mexanizmlərin paytaxtı hesab olunur. Başqa sözlə, Versal siyasi mesajın verildiyi məkan, Cenevrə isə həmin mesajın hüquqi və institusional çərçivəyə salınacağı platformadır”, – deyə ekspert bildirib.

Siyasi şərhçi hesab edir ki, ABŞ-İran anlaşması sadəcə atəşkəs sənədi deyil, Yaxın Şərqin gələcək geosiyasi xəritəsinin konturlarını müəyyən edə biləcək daha geniş prosesin başlanğıcıdır.

“Əgər tərəflər razılaşmanın müddəalarını tam həyata keçirə bilsələr, regionda yeni təhlükəsizlik sistemi, yeni iqtisadi əməkdaşlıq platformaları və yeni güc balansı formalaşa bilər. Bununla yanaşı, İsrail faktorunun mövqeyi, İran daxilindəki sərt xətt tərəfdarlarının münasibəti, Körfəz ölkələrinin təhlükəsizlik narahatlıqları və böyük güclər arasındakı rəqabət prosesin gələcəyini müəyyənləşdirəcək əsas amillər olacaq”, – deyə M.Bünyadlı əlavə edib.

Ekspertin qənaətinə görə, Versaldan başlayan və Cenevrədə davam edən diplomatik marşrut XXI əsrin Yaxın Şərqinin necə formalaşacağına dair ilk ciddi geosiyasi manifest kimi tarixə düşə bilər.

“Yüz il əvvəl Versalda qurulan sistem Yaxın Şərqi bölmüşdüsə, bu gün Versalda başlayan yeni proses regionu qarşıdurma məkanından əməkdaşlıq məkanına çevirmək iddiası daşıyır”, – deyə siyasi şərhçi fikrini yekunlaşdırıb.

Vural


media-adspc

Bənzər xəbərlər