“Gimnastika hamı üçün” festivalına maraq ildən-ilə artır – Nurlana Məmmədzadə
Bakı şəhəri növbəti dəfə möhtəşəm və rəngarəng idman tədbirinə ev sahibliyi edir. Artıq ənənə halını alan və dördüncü dəfə təşkil olunan festival bu il beynəlxalq statusda keçirilir və həm paytaxt sakinlərinin, həm də xarici qonaqların böyük marağına səbəb olur. Fəvvarələr Meydanında təşkil edilən tədbirdə festivalın ilk günündə uğurla çıxış edərək birinci yerlərə layiq görülmüş komandalar öz xüsusi şou proqramlarını nümayiş etdirirlər.
ERAmedia xəbər verir ki, bu sözləri Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə “Gimnastika hamı üçün” 4-cü Bakı Beynəlxalq “Challenge” turniri barədə danışarkən deyib.
Baş katib qeyd edib ki, festival yalnız Bakı ilə məhdudlaşmır: “Tədbirdə Azərbaycanın müxtəlif bölgələrindən olan iştirakçılarla yanaşı, Türkiyə, Gürcüstan və Litvadan gələn komandalar da çıxış edirlər. Bu isə idman və mədəniyyət sahəsində beynəlxalq əməkdaşlığın inkişafına töhfə verir”.
Nurlana Məmmədzadə vurğulayıb ki, “Gimnastika hamı üçün” növünün əsas üstünlüklərindən biri onun hər kəs üçün əlçatan olmasıdır. “Bu istiqamətdə iştirak etmək üçün xüsusi peşəkar hazırlıq tələb olunmur. Festival gimnastikanın həqiqətən də hər yaşdan insan üçün uyğun olduğunu nümayiş etdirir. İştirakçılar arasında 5 yaşdan kiçik uşaqlar da, 60 yaşdan yuxarı şəxslər də var. Bu da onu göstərir ki, gimnastika təkcə yüksək səviyyəli yarışlarla deyil, eyni zamanda sağlam həyat tərzinin təşviqi ilə də bağlıdır”.
Federasiya rəsmisi festivalın ildən-ilə daha da böyüdüyünü diqqətə çatdırıb. Onun sözlərinə görə, ilk illərdə təxminən 300 iştirakçının qatıldığı tədbirdə bu il artıq 900-ə yaxın idmançı yer alıb. Hazırda festival çərçivəsində 60 komanda müxtəlif proqramlarla çıxış edir.
N.Məmmədzadə bildirib ki, çıxışlar saatlarla davam etsə də, tamaşaçı marağı yüksək olaraq qalır. O, eyni zamanda ölkənin müxtəlif bölgələrində “Gimnastika hamı üçün” bölmələrinin sayının artdığını və bu istiqamətə marağın genişləndiyini qeyd edib.
Baş katibin sözlərinə görə, Bakı sakinləri və şəhərin qonaqları festivala yalnız idman yarışı kimi deyil, həm də maraqlı asudə vaxt fəaliyyəti kimi yanaşırlar. “İnsanlar ailələri və uşaqları ilə birlikdə tədbirə qatılır, həm iştirakçıları dəstəkləyir, həm də rəngarəng və dinamik şou proqramlarını izləyərək xoş vaxt keçirirlər. Bu cür layihələr cəmiyyətdə sağlam həyat tərzinin təşviqinə və idmana marağın artırılmasına xidmət edir”.









