Köksündə od gəzdirən Yanardağ
“Allah erməniyə qarğasın!”- bunu anam deyirdi və mən azından anamın oğlu kimi bilirəm ki, o, belə deyəndə qətiyyən dünyada olan bütün erməniləri nəzərdə tutmurdu: qarğışın hədəfi ancaq anamın dünyasını yerlə yeksan edən ermənilərdir. O ermənilər ki, indi Ermənistan Respublikası adlandırılan ərazilərdən anam kimi 200 min nəfəri ancaq azərbaycanlı olduğuna görə yaşadığı yerlərdən çıxarıblar.
Ədalət naminə demək yerinə düşər ki, o erməniləri də anam oturub-durub qarğımırdı. Adətən, onun kəndli dünyasına deyil, insanlığa qəbahət bildiyi hansısa hadisədən sonra anam belə deyirdi.
Onda 1988-ci il idi.
Cəmi 3-4 il sonra artıq Ermənistanda deyil, Azərbaycanın özündə- Bağanis Ayrım, Malıbəyli, Qaradağlı, Ağdaban, Xocalı və digər yerlərdə azərbaycanlıları heç nəyə görə yox, elə azərbaycanlı olduqlarına görə öldürürdülər.
Ancaq Xocalıda öldürülənlərin 98 faizi mülki şəxslər olacaq.
Təxminən 17 ildən sonra qətliamın ancaq təşkilatçısı deyil, həm də fəal icraçılarından olan, sonralar Ermənistanın prezidenti “seçilən”, üstəlik Fransanın Fəxri Legioner ordenininə (!) layiq görülən Serj Sarkisyan “Exo Moskva” radiosunun efirindən elə belə deyəcək: “Azərbaycanlılar Xocalıya qədər bizim qətiyyətimizə inanmırdılar”.
O iyrənc “qətiyyət” ilə 623 azərbaycanlı amansızcasına qətlə yetirildi.
Onların arasında təkcə 80 yaşında qocalar deyil, bələkdəki körpələr də vardı.
Onda dünyanın başı Bosniya cəlladı Slobodan Miloşoviçi beynəlxalq tribunal ilə hədələməyə qarışmışdı.
“O illərdə yuxuların daşlaşacaq yaddaşına nəyin necə olduğu yazıldı”.
Bu obrazlı, bir az da fəlsəfi fikirlərdə isə ömrünün bir hissəsini Azərbaycan Radiosuna vermis Mayis Yanardağ Qubadlıdan ayrılmaq qarşısında qalmasını ifadə edirdi.
Bu sözləri onun dilindən eşitdiyimdən bugünədək fikirləşirəm: Mayis Yanardağ jurnalist olaraq Mayis Vəliyev kimi oxucunun başını yeyib.
O, ötən illərdən elə gözəl danışırdı ki, keçmiş haqqında minimal təsəvvürü olan insan üçün həmin keçmişin mənzərəsini dolğun görmək qətiyyən çətin olmurdu. Həmin söhbətlərdə Mayıs müəllim görüb də həmsöhbət olduğu Səməd Vurğunun, Ədil İsgəndərovun, Leyla Bədirbəylinin, Barat Şəkinskayanın, İlyas Əfəndiyevin və daha kimlərin portretini cıza bilirdi.
Bütün bunlar onun 1993-cü ilə qədər yaşadığı anların xatırlanan cüzi bir hissəsidir. Həmin vaxta qədər isə təkcə Azərbaycanın deyil, bütün dünyanın harasında olurdusa-olsun, o, xəyallarında Qubadlıya qayıdırdı.
O özünü burada güclü görürdü.
Onda mənə elə gəlirdi ki, bu ucaboy, boyu qədər də vüqarlı kişinin nə axtardığını bəzən özü də bilmir.
Və yenə erməni!!!
Həmin erməni ki, Mayıs müəllimə Qarakilsənin Murxuz kəndində doğulmağa, ikinci vətən seçdiyi Qubadlıda isə ölməyə imkan vermədi.
Onda və elə indi də mən təxminən bilirəm, bilirəm ki, o, nə axtarırdı. Sadəcə olaraq, Mayis Yanardağa demirdim, demək istəmirdim ki, o, sadəcə oaraq, axtardığı o kəndin cığırlarında ilişib qalan izləri ilə həmsöhbət olmaq istəyir. Orada isə tək onun deyil, əcdalarının izləri var. O izlər mənəviyyatımızın köç yolunu, gəldiyimiz və gedəcəyimiz ünvanları göstərir.
Həmin izləri isə Murxuzun sığındığı dərələrdən keçən sellər belə apara bilmir, hesab edirəm ki bilməz də.
Ümumiyyətlə izlər itmir.
Mayis Yanardağ yurdu ilə bərabər min zülmlə tikdiyi evini-eşiyini, o ev-eşikdən az zəhmət çəkmədiyi, az sevmədiyi ağaclarını itirdi. Bu,təkcə 60 illik həyatın qazandıqlarını itirmək deyildi. O, nəsillərin arasındakı zəncir həlqəsinin qoparılması idi. Anoloji itkilər ilə barışanlar çox oldu, o isə barışmadı.
Onda 1993-cü ilin payızı idi. O, özünü Ahıl yaşında yenidən təsdiq eləməli idi. Bu isə asan deyil, qətiyyən asan deyildi və ona bu şansı verən Arif Alışanova minnətdarlıq borcumu ifadə edirəm.
Mayıs müəllimin dayağı bildiyi Arif müəllimin dəstəyinə baxmayaraq yeni mühitdə, yeni kollektivdə, yeni işdə erməninin gülləsi dəyməyən ürəyinə söz yaraları da vurulurdu.
Elə olurdu ki, özünü həyatda və işində tapmayan adamlar onun üzünəcə deyirdilər: torpağını qoyub qaçdın… Onu az qala, salamat gəldiyinə görə lənətləmək fikrinə düşənlər də tapılırdı.
Bu, həmin insanlar idi ki, müharibədə 5 il nədir, heç bir günün nə demək olduğunu bilmirdilər.
Radio jurnalistikasında o öz sözünü deyə bilirdi. Bir az təcrübə yoxluğu, bir az “gec gəlib ,tez öyrənib”- məsəlinin arabir eşidilməsi neqativ ovqat yaratsa da, bu, həmin sözün deyilməsinə mane olmurdu. Əlbəttə, burada ovaxtki Azərbaycan Radiosunun rəhbəri Mövlud Süleymanlının Yanardaağın Bəxtiyar adlı baş redaktoruna “Mayisın dünyasına toxunmaq olmaz!”– tövsiyəsi sözünü demişdi.
Bu gün Mayis Yanardağ haqqında onu demək olar ki, o özünü növbəti dəfə təsdiq edə bilmişdi. Ən azından, onun Azərbaycan Radiosunun Qızıl Fonduna salınmış çoxsaylı verilişlərinin sayı bunu təsdiq edir.
O ucaboy, boyu qədər də vüqarlı görünən kişinin gözlərindəki nisgili sezməmək mümkün olmurdu. O, axtarışda olan insanın nisgili idi.
Bir-neçə həftə əvvəl Azərbaycan Radiosunun keçmiş redaktoru, standart baxışlardan uzaq Vasib müəllimin gecənin şər vədəsi mənə etdiyi telefon zəngi yadıma düşür: “Firuz, Mayis müəllimin bu dünyadan köçdüyü bir il müddət mənə bir həqiqəti təsdiq etdi ki, əvəzsiz insanı itirmişik”.
Mənsə təsəlli üçün bir söz deyə bilməsəm də, içimdən bir ilıqlıq keçdi: “Ruhuna salam olsun, Yanardağ, nə yaxşı ki, azərbaycanlı olaraq bu dünyaya gəlmişdin və Səni tanıyıb da sevmək tək mənə qismət olmayıb”.










