İnanılmaz həyat tarixçəsi olan azərbaycanlı ziyalı - FOTO
Əli Azərtəkin XX əsr Azərbaycan mühacirət tarixində mühüm yer tutan ziyalı, publisist və tərcüməçi kimi tanınır.

ERAmedia xəbər verir ki, onun həyatı siyasi təqiblər, mühacirət yolları və milli istiqlal mübarizəsi ilə sıx bağlı olub. Fəaliyyətini əsasən mətbuat, ideoloji mübarizə və maarifçilik üzərində quraraq Azərbaycan milli hərəkatına xidmət edib.
Əli Azərtəkin 1905-ci ildə Bakıda İskəndər Tağızadənin ailəsində anadan olub. Anası tanınmış şair Səməd Mənsur Kazımzadənin yaxın qohumlarından idi. Ali təhsilini Pedaqoji İnstitutunda alan Əli Azərtəkin bir müddət müəllim kimi çalışıb və gənclik illərindən milli ideyalar ətrafında formalaşan gizli təşkilatların üzvü olub. O, xüsusilə Gəncədə fəaliyyət göstərən gizli milli təşkilatlarla əlaqədə idi.
1928-ci ildə Müsavat Partiyasının üzvlərinə qarşı təqiblərin güclənməsi səbəbindən mühacirətə getməyə məcbur qalıb və əvvəlcə İrana keçib. Təbrizdə olduğu dövrdə Tehranda mühacirətdə yaşayan Məhəmməd Əmin Rəsulzadənin əmisi oğlu ilə əlaqə saxlayıb. Onun vasitəçiliyi və Türkiyənin Azərbaycandakı ilk səfiri olmuş Məmdüh Şövkət Esendalın maddi və mənəvi dəstəyi ilə İstanbula gedib.

İstanbulda olarkən təhsilini davam etdirən Əli Azərtəkin İstanbul Universitetinin Filologiya fakültəsini bitirib. 1933-cü ildə Mirzəbala Məhəmmədzadənin tövsiyəsi ilə Məhəmməd Əmin Rəsulzadə ilə birlikdə Varşavaya dəvət olunub və uzun müddət onun katibi kimi fəaliyyət göstərib. 1939-cu ildə İkinci Dünya müharibəsi başlayanda Tehrana qayıdıb.
1941-ci ildə Sovet ordusunun İrana daxil olması və rus təhlükəsinin artması səbəbindən Əli Azərtəkin ailəsi ilə birlikdə İsfahana köçüb. Sovet təqiblərindən xilas olmaq məqsədilə ingilis hərbçilərinin köməyi ilə Qahirəyə göndəriliblər və bir müddət həbsdə saxlanılıblar. Sonradan İranda Süheyli hökumətini əvəz edən, Azərbaycanın keçmiş Bakı baş konsulu olmuş və Azərbaycana yaxın mövqeyi ilə tanınan Məhəmmədsəid kabinetinin təminatı ilə azadlığa buraxılıblar.
Əli Azərtəkin “İstiqlal” qəzetində, “Kurtuluş” dərgisində “A.T.” imzası ilə məqalələr yazıb, həmçinin “Azərbaycan” jurnalına müntəzəm yazılar hazırlayıb. O, tərcüməçilik fəaliyyəti ilə də məşğul olub. Münhendə yerləşən və Amerika tərəfindən maliyyələşdirilən Sovet İttifaqını Öyrənmə İnstitutunun nəşr etdiyi “Dərgi” jurnalında rusca materialları türk dilinə çevirib. Rus dili ilə yanaşı, polyak və fars dillərini də mükəmməl bilib.
Əli bəy “Azərbaycan” jurnalının 1956-cı ildə çap olunan 48-ci sayında dərc edilən yazısında Məhəmməd Əmin Rəsulzadə haqqında belə qeyd edib:
“Onunla 12 il (1928–1940) yaxın iş yoldaşı olmuş bir şəxs kimi deyə bilərəm ki, Azərbaycanı sevən və tanıyan hər kəs üçün o, qüdrət, iman nümunəsi və milli birlik amili idi”.
Mircəfər Bağırovun edamından sonra “Azərbaycan” jurnalının 1956-cı ildə çıxan 50–51-ci sayında dərc olunan “Bir edamdan alınacaq dərs” adlı məqaləsində isə sovet rejiminə xidmət edən həmvətənlərinə sərt və ibrətamiz müraciət edib. O, bu yazıda milli varlığın qorunmasının və istiqlal uğrunda mübarizənin xain damğası ilə yaşamaqdan daha şərəfli olduğunu vurğulayıb.
Əli Azərtəkin 1967-ci il oktyabrın 20-də axşam saatlarında İstanbulda Heydərpaşa Nümunə Xəstəxanasında mədə qanaması nəticəsində vəfat edib. Oktyabrın 21-də Kadıköy Osmanağa məscidində cənazə namazı qılındıqdan sonra Karacaahmet məzarlığında, Mirzəbala Məhəmmədzadənin məzarının yaxınlığında dəfn olunub. Məzarı üzərinə Azərbaycandan gətirilmiş torpaq və su səpilib, dəfn mərasimində Krım, Türküstan, İdil-Ural və Şimali Qafqazdan olan mühacirlər iştirak ediblər.









