media-03c8123f-1952-4fea-a606-d31d7899e69e

İranın TRIPP marşrutu ilə bağlı son ritorikası və Ermənistan istiqamətində sərgilədiyi mövqe regionda yeni geosiyasi proseslərin xəbərçisi kimi qiymətləndirilir.

ERAmedia xəbər verir ki, siyasi təhlilçi Aqşin Kərimov bildirib ki, İranın TRIPP marşrutu ilə bağlı hədə və təhdid dilini bu dəfə Ermənistanın üzərinə yönəltməsi regional perspektiv baxımından fərqli impulslar yaradır. Onun sözlərinə görə, Tehran bu motivasiyanı ABŞ-İsrail müttəfiqliyi ilə qarşıdurmanın nəticələrindən əldə etdiyi qənaətlər əsasında formalaşdıraraq geosiyasi tənlikləri öz xeyrinə dəyişməyə çalışır.

Təhlilçi qeyd edib ki, İran özünü ABŞ və İsraillə müharibədən qalib çıxmış tərəf kimi təqdim edir və bunu regionun gələcəyinə təsir imkanlarını genişləndirən faktor hesab edir. Bununla belə, Tehranın diqqətini Azərbaycandan daha çox müttəfiq hesab etdiyi Ermənistana yönəltməsi diqqətçəkən tendensiyadır.

Aqşin Kərimovun fikrincə, bu proses Bakı ilə Tehran arasında İrəvan üzərində təsir uğrunda rəqabətin tədricən daha aydın görünməyə başlamasının göstəricisidir. O bildirib ki, Azərbaycanın geosiyasi bölgüdə əldə etdiyi üstünlüklər İranı hədəf trayektoriyasını Ermənistana doğru strukturlaşdırmağa vadar edir.

Siyasi təhlilçi bunun üç əsas səbəbdən qaynaqlandığını vurğulayıb. Birinci səbəb kimi o, Azərbaycanın Ermənistanın xarici siyasətinə təsir imkanlarının artmasını göstərib. Kərimovun sözlərinə görə, bu təsir həm açıq siyasi proseslərdə, həm də pərdəarxası mexanizmlərdə özünü göstərir və Ermənistandakı daxili siyasi qüvvələr balansına da təsir edir.

İkinci səbəb isə Ermənistanın Rusiyadan tədricən uzaqlaşaraq Avroatlantik kursa yönəlməsi ilə bağlıdır. Təhlilçi hesab edir ki, bu tendensiya Azərbaycan üçün iqtisadi, ticarət, nəqliyyat və infrastruktur sahələrində yeni imkanlar yaradır. Son dövrlərdə iki ölkə arasında müşahidə olunan bəzi xoşməramlı iqtisadi addımlar da bu prosesin əlaməti kimi qiymətləndirilir.

Kərimov bildirib ki, Azərbaycan bununla Rusiya və İranın Ermənistandakı təsir sərhədlərinin daxilinə nüfuz etmək imkanları əldə edir. Onun fikrincə, TRIPP marşrutu bu prosesləri daha da sürətləndirə və yeni əməkdaşlıq modellərinin formalaşmasına şərait yarada bilər.

Üçüncü amil kimi isə ekspert Ermənistanın Baş naziri Nikol Paşinyanın seçkilərdə qələbə qazanaraq siyasi mövqeyini möhkəmləndirməsini göstərib. O hesab edir ki, bu vəziyyət Azərbaycan-Ermənistan sülh gündəliyinin daha sürətlə irəliləməsinə səbəb ola bilər. Eyni zamanda, Ermənistan Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının, eləcə də Azərbaycanın ABŞ, Böyük Britaniya və Çinlə əməkdaşlığının mümkün faydalarını nəzərdən keçirir.

Aqşin Kərimovun sözlərinə görə, regionda yaranan yeni dinamika həm Rusiya, həm də İran üçün mürəkkəb vəziyyət yaratsa da, hər iki ölkənin TRIPP marşrutu ilə bağlı mövqeləri üst-üstə düşmür. O xatırladıb ki, İranın hərbi-siyasi elitası bu fərqləri bir neçə dəfə açıq şəkildə dilə gətirib.

Ekspert hesab edir ki, Tehran regionda daha güclü rəqiblərlə qarşıdurmasını idarə etmək məqsədilə anti-Ermənistan strategiyası formalaşdırmağa çalışır. Onun fikrincə, bu yanaşma Ermənistanın regionun ən zəif həlqəsi kimi qiymətləndirilməsi ilə bağlı ola bilər.

Sonda Aqşin Kərimov vurğulayıb ki, İranın strategiyası və onun regional siyasətdə necə tətbiq olunacağı diqqətlə izlənilməlidir. O bildirib ki, Tehranın mövqeyi Cənubi Qafqazda geosiyasi qarşıdurmaları azaltmaq əvəzinə yeni mərhələyə keçirə bilər. Bununla yanaşı, uzunmüddətli perspektivdə İranın Azərbaycanla əməkdaşlığın müsbət nəticələrinə üstünlük verməsinin qaçılmaz olduğunu qeyd edib.

Təhlilçinin qənaətinə görə, Azərbaycanın əsas üstünlüyü Cənubi Qafqazdakı prosesləri öz milli maraqları çərçivəsində prioritetləşdirə bilməsidir. Bu amil Bakıya regiondakı təsir imkanlarını qorumaqla yanaşı, onları daha da genişləndirmək imkanı verir.

Vüsalə


media-adspc

Bənzər xəbərlər