İsrail mətbuatında Türkiyə barədə təhdid məqaləsi
Yəhudi mətbuatında yer alan xəbərlərdə ABŞ-ın bölgədəki siyasətinin İsrailin gözləntilərini qarşılamadığı iddia olunarkən, Türkiyənin hərbi potensialı və müdafiə sənayesində əldə etdiyi nailiyyətlər səbəbindən İsrail üçün İrandan daha böyük strateji təhdid kimi qiymətləndirildiyi bildirilib.
ERAmedia xəbər verir ki, İsrailin “Maariv” qəzetində dərc olunan köşə yazısında Türkiyənin müdafiə sənayesində qazandığı uğurlar və hərbi gücü ilə bağlı qiymətləndirmələrə yer verilib.
“NATO-nun ikinci ən böyük ordusuna sahib olan Türkiyə İsrail üçün İrandan qat-qat daha təhlükəli təhdid yaradır. Türkiyə hazırda hərbi texnikasının təxminən 80 faizini öz daxilində istehsal edən inkişaf etmiş müdafiə sənayesi infrastrukturu qurub”, – deyə məqalədə qeyd edilir.
Məqalədə Vaşinqton–Təl-Əviv xəttində yaşanan fikir ayrılıqlarına da toxunularaq bildirilib.
“ABŞ Prezidenti Donald Trampın İranla sonsuz görünən danışıqlardan yorularaq İsrailin şimal sərhədindəki təhlükəsizlik ehtiyaclarına münasibətdə sərt, kobud və gözlənilməz mövqe dəyişməsinin yaratdığı şoku hələ də atlatmamışıq. İndi isə qarşımızda İrandan bəlkə də daha təhlükəli yeni bir çağırış dayanır: Türkiyə”, – deyə məqalə müəllifi yazır.
Yazıda ABŞ-dan sonra NATO-nun ən böyük ikinci ordusuna malik olan Türkiyənin tank parkı barədə məlumatlar təqdim olunub və yerli istehsal olan Altay tankına xüsusi diqqət yetirilib.
Məqalədə vurğulanıb ki, Türkiyə hərbi texnikasının təxminən 80 faizini özü istehsal edir və buna yerli imkanlarla hazırlanmış çoxqatlı hava hücumundan müdafiə sistemi də daxildir. Bildirilib ki, Türkiyə Silahlı Qüvvələri böyük hərbi potensiala malikdir.
Yazıda qeyd olunub ki, Türkiyə Hərbi Hava Qüvvələrinin arsenalında əsasən F-16 qırıcılarından ibarət təxminən 200 döyüş təyyarəsi və hücum helikopterləri mövcuddur. Bununla belə, İsraillə mümkün qarşıdurma zamanı əsas təhlükənin 14 sualtı qayıq, freqatlar və amfibiya hücum gəmisi olan TCG Anadolunun daxil olduğu Hərbi Dəniz Qüvvələrindən qaynaqlanacağı iddia edilib.
Məqalədə həmçinin Türkiyə ordusunun Suriya və İraqda artilleriya, zirehli birliklər və hava qüvvələrinin koordinasiyalı istifadəsi sayəsində həm şəhər, həm də dağlıq ərazilərdə geniş əməliyyat təcrübəsi qazandığı vurğulanıb.
Yazıda Türkiyənin “Mavi Vətən” doktrinasının Şərqi Aralıq dənizi, Egey və Qara dənizdə ölkənin siyasətini müəyyənləşdirdiyi qeyd olunub. Həmçinin bu doktrinanın İsraillə əməkdaşlıq edən Yunanıstan və Cənubi Kipr Rum Administrasiyasının dəniz sərhədləri ilə bağlı mövqelərini təsirsiz hala gətirdiyi qiymətləndirilib.
Vural









