Kibertəhlükələr dünya üçün ciddi risk mənbəyinə çevrilib - Elman Nəsirov
Müasir dövrün təhlükə və təhdidləri arasında kibertəhlükələr xüsusi yer tutur. Parlamentdə də bu istiqamətdə son illərdə bir sıra qanunvericilik təşəbbüsləri müzakirə olunub və qəbul edilib.
ERAmedia xəbər verir ki, bunu Milli Məclisin deputatı Elman Nəsirov İnsan hüquqları komitəsinin iyunun 24-də keçirilən iclasında müzakirəyə çıxarılan “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişikliklər barədə danışarkən bildirib.
Qanun layihəsinin əhəmiyyəti və zərurəti barədə danışan deputat deyib: “Kibertəhlükələr artıq uzun müddətdir ki, dünya üçün ciddi risk mənbəyinə çevrilib. Bu hücumlar hətta bəzən terror xarakterli fəaliyyətlərin alətinə çevrilə bilir.
Bu yanaşma ondan irəli gəlir ki, kibertəhlükə yalnız dövlət institutlarını deyil, hər bir vətəndaşı birbaşa hədəfə alır. İstənilən ölkədə hər bir şəxsin şəxsi məlumatları, bank hesabları və rəqəmsal izləri potensial risk altında ola bilər”.










