Kimlər gələn aydan kompensasiya alacaq? – Yeni mexanizmin detalları AÇIQLANDI
Prezident İlham Əliyevin imzaladığı “Qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmana əsasən, gələn aydan etibarən qeyri-neft-qaz məhsullarını ixrac edən mikro, kiçik və orta sahibkarlıq subyektlərinə gömrük rəsmiləşdirilməsi xərcləri üzrə kompensasiyaların ödənilməsinə başlanılacaq.
Milli Məclisin deputatı Vüqar Bayramov ERAmedia-ya açıqlamasında bildirib ki, yeni mexanizm Azərbaycan mənşəli qeyri-neft-qaz mallarını ixrac edən mikro, kiçik və orta sahibkarların ixrac zamanı ödədikləri gömrük rəsmiləşdirilməsi xərclərinin bir hissəsinin dövlət tərəfindən qarşılanmasını nəzərdə tutur.
Deputatın sözlərinə görə, kompensasiyalar mənşə sertifikatı əsasında müəyyənləşdiriləcək və bu dəstəkdən Azərbaycan mənşəli malların ixracını həyata keçirən mikro, kiçik və orta sahibkarlıq subyektləri yararlana biləcəklər.
Vüqar Bayramov qeyd edib ki, kompensasiyanın məbləği gömrük dəyərinə uyğun tətbiq edilən yığım hədlərindən asılı olaraq fərqlənəcək. Onun sözlərinə görə, 2026-cı il sentyabrın 1-dən 2031-ci il sentyabrın 30-dək həyata keçiriləcək ixrac əməliyyatları üzrə hesablanacaq kompensasiyalar üçün hər bir ixrac bəyannaməsi üzrə yuxarı hədd müəyyən ediləcək və ödənişlər həmin hədlər əsasında həyata keçiriləcək.
Deputat vurğulayıb ki, bu qərar ixracatçı mikro, kiçik və orta sahibkarların dövlət tərəfindən daha səmərəli dəstəklənməsinə xidmət edəcək. O bildirib ki, yeni mexanizm eyni zamanda qeyri-neft-qaz ixracının həcminin artırılmasına, ixrac strukturunun təkmilləşdirilməsinə və xarici bazarlar üzrə şaxələndirmənin genişlənməsinə mühüm töhfə verəcək.










