Kreml incə xətt üzərində: Moskva niyə riskə getmək istəmir? - ŞƏRH
Rusiya regiondakı formal müttəfiqi İranı dəstəkləmək üçün tələb olunanları minimum səviyyədə nümayiş etdirir və bu, təsadüfi davranış deyil, çoxqatlı geosiyasi hesablamanın nəticəsidir.
ERAmedia xəbər verir ki, bu sözləri siyasi təhlilçi Aqşin Kərimov bildirib.
Onun fikrincə, Moskva Yaxın Şərqdə aktuallığını qorumaq üçün ABŞ, İsrail və İranla münasibətlərində son dərəcə incə bir xətt çəkir. Kreml üçün əsas prioritet regional müharibənin birbaşa iştirakçısına çevrilməməkdir. Bu mövqe həm İsraillə uzun illərdir davam edən gizli və açıq kanallardakı təmaslarla, həm də ABŞ ilə müəyyən səviyyədə razılaşma imkanları ilə bağlıdır.
Ekspert vurğulayır ki, məsələ təkcə xarici siyasət balansı ilə bitmir. Rusiyanın mümkün regional müharibədə iştirakı Kreml daxilində elita münasibətlərində rəqabəti daha da şiddətləndirə bilər. Ukrayna müharibəsi fonunda resursların bölüşdürülməsi, təhlükəsizlik institutları arasındakı nüfuz savaşı və siyasi məsuliyyətin paylaşdırılması kimi faktorlar Moskvanın əlavə risklərə getməsini məhdudlaşdırır. Aqşin Kərimov hesab edir ki, Rusiya Ukraynada müharibə aparmasa belə, İranın xeyrinə birbaşa hərbi qarşıdurmaya qoşulmazdı.
Onun sözlərinə görə, ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi əməliyyatlar regionda Rusiya və Çinin limitli təsir imkanlarını da üzə çıxardı. Vaşinqton və Təl-Əvivin koordinasiyalı hərəkətləri göstərdi ki, real hərbi güc tətbiqi mərhələsində Moskva və Pekin daha çox siyasi bəyanatlarla kifayətlənirlər.
Aqşin Kərimov qeyd edir ki, ABŞ prezidenti Donald Trampın güc tətbiqində yeni norma yaratması beynəlxalq münasibətlər sistemində presedent effekti yaradır. Bu isə paradoksal şəkildə Rusiyanın Ukraynadakı hərbi kampaniyasında Kremlin bəzi arqumentlərini gücləndirə və manevr imkanlarını artıra bilər. Çünki beynəlxalq hüquq çərçivəsinin selektiv tətbiqi artıq daha açıq şəkildə nümayiş etdirilir.
Təhlilçinin fikrincə, ABŞ və İsrail müttəfiqliyi İranın dərinliklərinə endirilən zərbələrdən və Tehranın cavab reaksiyasından sonra daha açıq hərbi eskalasiya mərhələsinə keçib. Bu hadisələr İranın nüvə proqramı üzərində ABŞ, Rusiya və Çin arasında pərdəarxası qarşıdurmanı da gücləndirir. Xüsusilə İranın 60 faizə qədər zənginləşdirilmiş uran ehtiyatına çıxış məsələsi regionun güc balansını yenidən müəyyən edə biləcək strateji amildir.
Aqşin Kərimov hesab edir ki, İran pilotsuz təyyarəsinin Kiprdəki Britaniya hərbi bazasına zərbə endirməsi Londona ünvanlanmış siyasi mesajdır. Böyük Britaniya rəsmi şəkildə ABŞ-nin hərbi kampaniyasını qınasa da, Amerika hərbi təyyarələrinin Yaxın Şərqə hərəkəti zamanı Britaniya bazalarından istifadəyə icazə verməsi Tehranın reaksiyasına səbəb olub. Bu, müharibənin coğrafiyasının genişlənə biləcəyini göstərən təhlükəli siqnaldır.
Siaysi təhlilçi bildirir ki, Vaşinqton və Təl-Əvivin təqdim etdiyi rəsmi oxunuş koordinasiyalı strategiya kimi qiymətləndirilə bilər: İranın müharibə və müdafiə qabiliyyətini zəiflətmək, nüvə proqramını sıfırlamaq və uzunmüddətli perspektivdə rejim dəyişikliyinə nail olmaq. Lakin o, müharibənin nəticələri barədə tələsik proqnoz verməyin doğru olmadığını vurğulayır. Çünki proseslərin açıq və gizli iştirakçıları arasında koordinasiyanın real miqyası və məxfi planların detalları ictimaiyyətə məlum deyil.
Aqşin Kərimovun qənaətinə görə, ehtimal ki, ABŞ və İsrail İranla müharibəni özlərinə lazım olan qədər və nəzarət edilə bilən çərçivədə davam etdirməyə çalışacaqlar. Ancaq İranın cavab zərbələri gözləniləndən daha güclü və davamlı olarsa, əvvəlcədən müəyyənləşdirilmiş müddət və ssenarilər qüvvədən düşə, proses daha genişmiqyaslı regional qarşıdurmaya çevrilə bilər.
Mələk Onur










