media-cin-rus

Rusiyanın Tatarıstan Respublikasının paytaxtı Kazanda keçirilən ASEAN sammiti Kremlin beynəlxalq təcriddə olmadığı görüntüsünü yaratmaq cəhdinin tərkib hissəsidir.

Bu barədə siyasi şərhçi Elxan Şahinoğlu ERAmedia-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin Ukraynaya qarşı davam edən müharibəyə və ölkəsinin üzləşdiyi problemlərə baxmayaraq, beynəlxalq forumlarda iştirakını davam etdirir və əməkdaşlıq imkanlarından danışır.

“İyunun 17-19-da Kazanda keçirilən ASEAN sammitində Bruney, Vyetnam, İndoneziya, Kamboca, Laos, Malayziya, Myanma, Sinqapur, Tailand, Filippin və Şərqi Timorun nümayəndələri iştirak ediblər. Sammit zamanı Ukrayna dronları Moskva ətrafındakı yanacaq infrastrukturuna zərbələr endirsə də, Putin çıxışında müharibə mövzusuna toxunmayıb və yaranan problemləri görməzlikdən gəlib”, – deyə şərhçi vurğulayıb.

Elxan Şahinoğlu qeyd edib ki, Putin sammitdən əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşüb. Hakan Fidan isə bundan öncə Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə müxtəlif məsələləri müzakirə edib.

Siyasi şərhçinin fikrincə, həm Sankt-Peterburqda keçirilən iqtisadi forum, həm də Kazan sammiti Rusiyanın beynəlxalq aləmdən tam təcrid olunmadığını nümayiş etdirməyə hesablanıb.

“Putin Kazanda ASEAN ölkələrinin liderləri və biznes dairələrinin nümayəndələri ilə görüşlərini xüsusi vurğulayaraq Kremlin beynəlxalq əlaqələrinin davam etdiyini göstərməyə çalışıb”, – deyə o bildirib.

Elxan Şahinoğlu sammit çərçivəsində Filippin prezidenti Ferdinand Markosun Putinlə görüşünün Çində narahatlıq yaratdığına da diqqət çəkib.

“Çinlə Filippin arasında Cənubi Çin dənizindəki qarşıdurma səbəbindən münasibətlər gərgindir. Hər iki ölkənin hərbi qüvvələri arasında vaxtaşırı insidentlər yaşanır. Pekin Filippinin müdafiə nazirinə sanksiyalar tətbiq edib. Bundan əlavə, Çin tərəfindən Filippin sahillərinə yaxın ərazilərdə yerləşdirilən platformalar Manila tərəfindən süni adalar yaratmaq cəhdi kimi qiymətləndirilir”, – deyə o qeyd edib.

Şərhçinin qənaətincə, Putinin Filippin lideri ilə görüşü Moskvanın Pekinə göndərdiyi siyasi mesaj kimi də dəyərləndirilə bilər.

“Moskva və Pekin strateji tərəfdaş sayılsalar da, Kreml Çinin Ukrayna müharibəsi fonunda Rusiyaya yetərincə dəstək vermədiyini düşünür. Çin Rusiyadan aldığı neft və qazı daha sərfəli şərtlərlə əldə edir, eyni zamanda enerji idxalını şaxələndirir. Bundan başqa, Pekinin Brüssel və Vaşinqtonla artan təmasları da Moskvanı narahat edir. Bu səbəbdən Kreml Çinin regional rəqibləri ilə əlaqələrini genişləndirməyə çalışır”, – deyə Elxan Şahinoğlu əlavə edib.

Vural


media-adspc

Bənzər xəbərlər