media-835d9e6f-269f-4075-b84d-af32993e7880

Milli valyuta ilə bağlı elmi əsaslandırılmamış bəyanatlar, əsassız devalvasiya proqnozları və bazarda panika yarada biləcək informasiya manipulyasiyaları maliyyə sabitliyi üçün risk yarada bilər. Bu səbəbdən məzənnə ilə bağlı ictimai açıqlamalar yüksək peşəkarlıq, elmi metodologiya və milli məsuliyyət prinsiplərinə söykənməlidir.

ERAmedia xəbər verir ki, bu fikirləri iqtisad elmləri doktoru, professor Zahid Məmmədov deyib.

Onun sözlərinə görə, son 15 ildə Azərbaycanda vaxtaşırı milli valyutanın mümkün devalvasiyası ilə bağlı əsassız iddialar səsləndirilsə də, onların böyük əksəriyyəti öz təsdiqini tapmayıb.

“Buna baxmayaraq, eyni xarakterli proqnozlar yenidən təkrarlanır. Bu məsələ artıq təkcə iqtisadi müzakirə deyil, həm də iqtisadi təhlilin keyfiyyəti, ekspert məsuliyyəti və informasiya təhlükəsizliyi ilə bağlıdır. İqtisadi nəzəriyyədə “özünü doğruldan gözləntilər” anlayışı mövcuddur. Heç bir fundamental əsas olmadan devalvasiya gözləntiləri formalaşarsa, insanlar kütləvi şəkildə xarici valyuta almağa başlayır. Bu isə bazarda psixoloji təzyiq yaradır və iqtisadi davranışlara təsir göstərir. Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun son açıqlamaları ölkədə valyuta bazarı ətrafında formalaşan gözləntilərə institusional cavab kimi qiymətləndirilə bilər. Hazırkı makroiqtisadi şəraitdə sabit məzənnə rejimi qiymət sabitliyi və makroiqtisadi dayanıqlığın təmin edilməsi baxımından optimal siyasətdir. Bu mövqe hələ 2018-ci ildə də səsləndirdiyi fikirlərlə üst-üstə düşür. Milli pul vahidinin xarici dəyəri ölkənin iqtisadi imkanlarını və maliyyə sabitliyini əks etdirən ən mühüm makroiqtisadi göstəricilərdən biridir. Məzənnə ilə bağlı istənilən proqnoz yalnız elmi metodologiya və obyektiv iqtisadi təhlil əsasında verilməlidir”, – deyə Zahid Məmmədov qeyd edib.

Z.Məmmədov vurğulayıb ki, valyuta məzənnəsi ilə bağlı proqnoz vermək üçün tədiyə balansı, strateji valyuta ehtiyatları, fiskal vəziyyət, pul-kredit siyasəti, inflyasiya, xarici ticarət və digər fundamental göstəricilər kompleks şəkildə təhlil edilməlidir: “Bu amillər nəzərə alınmadan “devalvasiya olacaq” kimi qəti fikirlər səsləndirmək iqtisadi analiz deyil, elmi əsaslandırılmamış subyektiv ehtimaldır. Milli valyuta ilə bağlı əsassız proqnozlar yalnız akademik məsələ deyil, həm də milli maliyyə təhlükəsizliyi baxımından qiymətləndirilməlidir. Milli valyutaya inamın zəiflədilməsi, bazar iştirakçılarının davranışına psixoloji təsir göstərilməsi bank sisteminə etimadı azalda və makroiqtisadi sabitliyə mənfi təsir göstərə bilər. Əsassız devalvasiya proqnozlarının yayılması peşəkar hazırlığın zəifliyi, sensasiya yaratmaq istəyi və ya məqsədli informasiya manipulyasiyası ilə bağlı ola bilər”.

Professor əlavə edib ki, iqtisadi ekspertiza yüksək elmi məsuliyyət tələb edir.

“İqtisadi məlumatlarla işləyən ekspertlər, analitiklər və media nümayəndələri cəmiyyət qarşısında xüsusi məsuliyyət daşıyırlar. Azərbaycanın maliyyə sisteminin dayanıqlılığı yalnız Mərkəzi Bankın qərarlarından deyil, həm də iqtisadi informasiyanın düzgün və məsuliyyətli təqdim edilməsindən asılıdır. Qarşıdakı dövrdə əsas prioritet qeyri-neft iqtisadiyyatının gücləndirilməsi, ixracın şaxələndirilməsi və maliyyə sektorunda institusional islahatların davam etdirilməsidir. Məhz bu halda manatın sabitliyi güclü və rəqabətqabiliyyətli iqtisadiyyatın təbii nəticəsinə çevriləcək”, – deyə Zahid Məmmədov əlavə edib.


media-adspc

Bənzər xəbərlər