Qütb partlayışı Yeni Zelandiyada güclü qar yağmasına səbəb olub
Qütb partlayışı Yeni Zelandiyada güclü qar yağmasına, məktəblərin bağlanmasına və bərə reyslərinin ləğvinə səbəb olub. Qar və buzlu yollar ölkənin bəzi yerlərində səyahətə mane olur, sərt hava şəraiti isə operatorları birdən çox reysləri ləğv etməyə məcbur edir.
ERAmedia “New Zealand Herald” qəzetinin məlumatına istinadla xəbər verir ki, soyuq hava kütləsi ölkəni bürüdükcə, adanın bəzi yerləri qarın əsarətində qalıb. Polis cənubdakı Dunedin şəhərindəki insanları qar və buzlu yol şəraiti səbəbindən mütləq zərurət olmadığı təqdirdə səyahət etməkdən çəkinməyə çağırıb. Bir neçə əsas yol üçün qar uçqunu xəbərdarlığı edilib.
Əlverişsiz hava şəraiti nəticəsində Mosgiel, Port Çalmers və Vaykuaiti bölgələrində bütün məktəblər bağlanıb.
Yeni Zelandiyanın şimal və cənub adalarını ayıran Kuk boğazında vəziyyət güclü küləklər səbəbindən daha da pisləşib. Vellinqton və Pikton arasında dörd gəmi səfəri ləğv edilib, Blyubricdə isə çərşənbə axşamı altı reys təxirə salınıb.
Meteoroloqlar Nqavi bölgəsinin cənub sahilində güclü dalğalarla bağlı xəbərdarlıq ediblər. Dalğaların hündürlüyünün 6 metrə çatacağı proqnozlaşdırır.









