media-1250386_-6
media-bant_master

media-fb_img_1752769087965

  •  Rəsul Mirhəşimli yazır

Müasir cəmiyyətlərdə ən çox müzakirə doğuran mövzulardan biri geyim və onun əxlaqla olan əlaqəsidir. Geyim fərdin özünü ifadəetmə forması kimi qəbul olunsa da, “İfadə azadlığı ilə ictimai əxlaq arasındakı sərhəd harada çəkilməlidir?” sualı çox zaman dərin polemikalara səbəb olur. Müzakirələr yalnız estetik və ya şəxsi seçim səviyyəsində qalmayıb, daha dərin mənəvi, mədəni, hətta siyasi anlamlar da daşıyır.

Geyim yalnız bədənin örtülməsi deyil, fərdin mənsub olduğu mədəniyyətə, dəyərlərə və əxlaqi baxış bucağına dair bir mövqenin də əksidir. Hər bir cəmiyyətdə ictimai əxlaqın formalaşmasında müəyyən geyim standartları əhəmiyyətli yer tutur. Bəzi dini və ya ənənəvi cəmiyyətlərdə qapalı geyim əxlaqın təbii bir hissəsi kimi qəbul olunur. Bu mənada geyim bir əxlaq normasıdır və fərdlər bu norma ilə uyğun yaşadıqca, cəmiyyətdəki harmoniya qorunur.

Açıq-saçıq geyim tərzi, xüsusilə mühafizəkar cəmiyyətlərdə, ictimai əxlaqın pozulması kimi qiymətləndirilir. Geyim vasitəsilə ötürülən mesajlar, gənc nəslin davranışlarına və dəyərlərə yanaşmasına birbaşa təsir göstərir. Əgər cəmiyyətin əxlaqi kodlarına zidd olan bir geyim tərzi normallaşdırılarsa, bu, zamanla mənəvi aşınmanı və sosial çözülməni sürətləndirə bilər.

Açıq geyim tərzi xüsusilə ictimai məkanlarda qarşı cins üzərində cazibədar və təhrikedici təsir yarada bilər. Bu vəziyyət yalnız fərdi səviyyədə deyil, həm də ictimai təhlükəsizlik, etik qaydalar və sosial əmin-amanlıq baxımından da risklər doğurur. Əlbəttə, bütün məsuliyyəti açıq geyinən fərdin üzərinə yükləmək doğru olmaz, lakin bu məsələni tamamilə cəmiyyətin üzərinə atmamaq da gərəkdir.

Bir çox tədqiqatçılar bu meyli yalnız fərdi azadlıq və ya moda ilə izah etmir. Bəzi güclü beynəlxalq qurumlar və ideoloji mərkəzlər, cəmiyyətin dəyərlərinin aşındırılması məqsədilə bu tərzləri dəstəkləyir və təşviq edir. Bu siyasətlərin arxasında fərdi ailə, din və milli dəyərlərdən uzaqlaşdıraraq, onu istehlak mərkəzli, fərdiyyətçi və mənəviyyatdan uzaq bir modelə çevirmək məqsədi dayanır.

Ailə hər bir cəmiyyətin təməlidir. Açıq geyim və onun təşviq etdiyi sərbəst münasibət modeli ailə daxilində nizam və sabitliyi sarsıdır. Xüsusilə yeniyetmələr və gənclər arasında erkən yaşda cinsəlliyin normallaşdırılması ailə institutunun əsas funksiyalarını zəiflədir, sevgi, tərbiyə və mənəvi dəstək kimi dəyərləri aradan qaldırır.

Bu məqamda feminizmin alətə çevrilməsinə də diqqət yetirmək lazımdır. Feminizm əvvəlcə qadın hüquqlarını müdafiə etmək üçün yaranmış bir hərəkat idi. Lakin zamanla bəzi qlobal güc mərkəzləri tərəfindən yönləndirilib, qadın ailə modelindən ayrılaraq kişiyə qarşı rəqib, ailəyə qarşı isə laqeyd bir fiqura çevrilib. Qadını analıq və qadınlıq rollarından uzaqlaşdıraraq, “azadlıq” adı altında onu istehlak mədəniyyətinin obyektinə çevirmə planı müasir dövrün ən hiyləgər ideoloji hücumlarından biridir.

Geyim və bədənin nümayişi bu mədəni təbliğatın ən təsirli alətlərindəndir. Müasir “azad qadın” modeli açıq geyinən, kişi ilə rəqabətdə olan fərdiyyətçi bir obraz kimi təqdim olunur. Beləcə, qadının dəyəri çox zaman fiziki cazibəsi ilə ölçülür, bu isə qadını azad etmək əvəzinə onu bir növ bazar malına çevirir.

Bu gün qadının geyimi artıq onun mənsub olduğu mədəniyyəti və dəyərləri deyil, “bazar görünüşünü” müəyyən edir. Reklamlar, seriallar, sosial media məzmunları qadına açıq, diqqətçəkici geyimi təlqin edərək bunun müasirlik və azadlıq simvolu olduğunu vurğulayır. Halbuki bu yönləndirmə qadını bir fərd olmaqdan çıxarıb sadəcə “vizual cazibə” səviyyəsinə endirir.

Nəticə etibarilə qadın azadlaşmaq əvəzinə, başqa bir ictimai təzyiqə məruz qalır. “Qadın gözəl olmalıdır, bədənini göstərməlidir, cəsarətli olmalıdır” kimi şüarlar inam problemləri, psixoloji təzyiq, ictimai kimlik çaşqınlığı və ailə dəyərlərindən uzaqlaşma kimi dərin problemləri də özü ilə gətirir.

Bu geyim modellərinin hər yerdə təşviq edilməsi, mədəni müxtəlifliyin və milli dəyərlərin sürətlə aşınmasına səbəb olur. Bu, müasir dövrün bir növ mədəni imperializmidir. Geyim, davranış və həyat tərzi üzərindən aparılan bu mübarizə, iqtisadi və ideoloji müstəmləkələşmənin yeni formasıdır.

Geyim sadəcə şəxsi seçim deyil, eyni zamanda bir millətin mədəni, əxlaqi və mənəvi kimliyinin daşıyıcısıdır. Açıq geyimin normallaşdırılması, yalnız əxlaqa deyil, ailəyə, mədəniyyətə və milli dəyərlərə birbaşa təhdiddir. Bu səbəbdən bu meylə qarşı şüurlu, milli və mənəvi dəyərlərə əsaslanan ictimai bir oyanış zəruridir.

Əks halda, bir millətin kimliyi də, ailə quruluşu da, əxlaqı da əldən gedə bilər.


media-adspc

Bənzər xəbərlər