Mənəvi məsuliyyət etirafı olmadan dayanıqlı sülhdən danışmaq tezdir - AÇIQLAMA

Haqlarında başlamış cinayət işi çərçivəsində 2023-cü il sentyabrın 27-dən etibarən Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq İdarəsi tərəfindən ölkəmizin sərhədlərini keçmək istəyərkən saxlanılaraq Bakıya gətirilən Ermənistan Respublikasının vətəndaşları – AR Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə terrorçuluq, qanunsuz silahlı birləşmələr yaratma və s. ittiham olunan bir qrup şəxsin 2025-ci il yanvarın 17-də Bakı Hərbi Məhkəməsində başlayan məhkəmə prosesi bu il fevral ayının 5-də başa çatıb.
Azərbaycanlıların şəxsində insanlığa qarşı ən ağır cinayətlərdə konkret əmməllərinə görə mühakimə olunaraq müvafiq cəzalarını alan şəxslərə, gözlənildiyi kimi, ilk dəstək Ermənistandan gəldi.
ERAmedia ilə söhbətində Regional təhlükəsizlik məsələləri üzrə ekspert Firuz Novruzov belə deyir.
“Şərəfim var” parlament fraksiyasının katibi Tiqran Abrahamyanın “vəziyyətin həlli siyasi xarakter daşıyır və həll yolları siyasi müstəvidə axtarılmalıdır”- sözlərinə, politoloq Qrant Melik-Şahnazaryanın “qarşıdan gələn seçkilər ərəfəsində dünən “ömürlük həbs cəzası verilən bir və ya iki girovumuzun azadlığa buraxıla biləcəyi ehtimalını istisna etmirəm” sözlərinə münasibət bildirən ekspert, insan hüquqları məsələləri ilə məşğul olan iyirmidən artıq ictimai təşkilatın da Ermənistan və Azərbaycana səfəri gözlənilən ABŞ vitse-prezidenti Cey Di Vensə məktub göndərdiyi xatırladılır: “Məktubda ABŞ vitse-prezidentinin diqqətinə “vacib bir humanitar məsələ – Bakıda saxlanılan erməni xristian məhbuslarının azad edilməsi” çatdırılır.
“19 xristian erməninin Azərbaycan həbsxanalarında saxlanıldığını və əziyyət çəkdiyini” bildirən “İnsan hüquqları müdafiəçiləri” burada xatırlatdıqları “xırda məsələ” ilə onların məhz xristian olduqlarına görə cəzalandıqlarının vurğulandığını bildirən Regional təhlükəsizlik məsələləri üzrə ekspert bu dəst-xəttin erməni kilsəsinə xas olduğunu bildirir: “Erməni kimliyi ətrafında 300 ildən çoxdur ki, regionumuzda gedən proseslərdə daha çox konfrantasiya tərəfdarı olan erməni kilsəsi düşüncə və danışıq tərzini dəyişmir. Bunu onun məhkəmənin qərarına verdiyi son qiymət bir daha təsdiq edir: “Bu, vətənpərvərliyin, öz müqəddəratını təyin etmək və müstəqillik hüquqları uğrunda mübarizədə düşmən qarşısında əyilmək istəməməyin bu günkü qiymətidir”.
“Göründüyü kimi, Erməni Apostol Kilsəsi son 33 illik tariximizdə ərzimizin 20 faizindən çoxunun işğal altında saxlanılması ilə ölkəmizin ərazi bütövlüyünün pozulmasında, 1 milyon vətəndaşımızın əzablı məcburi köçkün həyatı yaşamasında, 30 minə yaxın insanımızın öz həyatını itirməsində nəinki cinayətkar əməllərini, mənəvi məsuliyyəni belə, qəbul etməkdən uzaqdır”- deyən ekspert əmindir ki, bu etiraflar olmadan regionumuzda dayanıqlı sülh barədə danışmaq tezdir.










