media-f5014e84-3a4d-40d5-8da8-742f85abd6ce
İlham ZEYNALLI,
Jurnalist-publisist
Əvvəli LİNK
Beləcə, birinci kursu bitirib istehsalat təcrübəsinə getdik. O vaxtlar ali məktəblərdə birinci kursdan başlayaraq, hər ilin sonunda istehsalat təcrübəsi – praktika olurdu. Jurnalistikada belə idi ki, birinci kursdan sahə qəzetlərində, ikinci kursdan bölgə mətbuatında, üçüncü kursdan sərbəst seçim üzrə istədiyin KİV-də, artıq dördüncü kursdan və beşinci kursun ikinci semestrindən ixtisas üzrə praktika keçməli idin. İxtisas bölgüsü ikinci kursdan aparılırdı. Jurnalistikanın tələbələri radio, televiziya, qəzet və nəşriyyat işi olmaqla dörd ixtisasa bölünürdü. Bizim qrupun ixtisas bölgüsü haqqında bir az sonra ətraflı yazacam.
… Bir xanım qrup yoldaşımla mən Bakı Metropoliteninin “Metro” qəzetində praktikada olduq. Təcrübə rəhbərimiz də, deyəsən Məmmədismayıl müəllim idi. Qəzetin redaktoru, rəhmətlik Əli Fərəcov təcrübə keçməyimiz üçün hər cür şərait yaratdı. Yadımdadı ki, metropoltenin təmir – quraşdirma idarəsinə, sexlərə getdik, usta və fəhlələrlə görüşdük. Əli müəllim çox böyük qayğı ilə yazdığımız bir necə məqaləni çap elədi, tələb olunan müsbət xasiyyətnaməni verdi və hətta bizi ehtiyac olarsa, qəzetdə işləməyə də dəvət etdi. Təcrübəni Bakıda keçdiyimiz üçün tələbə yoldaşlarımızdan biri ilə mühafizə işinə düzəldik. İkigündən bir axşam saat 18-dən səhər saat 9-a qədər müxtəlif obyektlərdə mühafizəçi olurduq. 70 rubl məbləğində aylıq maaşımızla xırda – para ehtiyaclarımızı ödəyə bilirdik. Yadımdadı, bir müddət köhnə avtovağzalın yanında, indi “Hyatt Regency” hotelinin yerləşdiyi ərazidə, İzmir parkı ilə üzbəüzdə yerləşən uşaq bağçasında mühafizəci idim. Dövrünün ən bərkgedən, elit bağçalarından biri idi. Bir dəfə orda əlimə hansısa nazirliyin tabeliyində olan mühüm bir idarənin telefon – məlumat kitabçası keçdi. Maraq üçün açıb baxdim. İnanın, idarənin direktor və rəis müavinləri, kadrlar şöbəsinin və ümumi şöbənin rəhbərləri, maliyyə və təchizat sahəsinin məsul şəxslərinin əksəriyyəti ermənilər imiş. Digər mühüm və açar vəzifələrdə çalışanlar da həmçinin. Deyəsən, həmin bağça elə həmin idarənin balansında idi. Gör bunlar necə böyük hiyləgərliklə mühüm və strateji vəzifələrdə kök salıb, möhkəmləniblərmiş. Çörəyimizi yeyib özümüzə də dönük çıxdılar…
media-608012910_1546295739979626_4587878859573213787_n
… Mühafizə işindən söz düşmüşkən, heç vaxt unutmadığımız, indi də gülə – gülə xatırladıgımız bir hadisəni danışmaq istəyirəm. Yaşadığımız yataqxanada bizdən yuxarı mərtəbədə düz bizim üstümüzdə tarix fakültəsinin tələbələri qalırdı. Babək Abdullayevlə Namiq Həsənov həmin otağın sakinləri olsalar da, orada az – az qalırdılar. Binadakı mənzillər hər birində iki çarpayı olan iki otaqdan ibarət idi. Həmin otaqların birində tarixdə oxuyan Azər adlı tərtərli bir oğlan da qalırdı. Mütəmadi suyu açıq qoyub bizi yüngülvari isladır, ancaq şükür ki, fəsadsız ötüşürdük. Hər dəfə deyib danışaq da, eyni şey təkrar olunurdu. İlk baxışdan ciddi, təmkinli görünsə də, laübalı birisi idi. Bir gün səhər tezdən iş növbəsindən gəlib pilləkənlərlə mərtəbimizə çıxanda gördüm ki, dəhliz su ilə dolub. Az qalır ki, su pilləkənlərə çatıb aşağı axsın. Şənbə, ya bazar günü idi, axır ki, dərs günü deyildi. Düşündüm ki, yəqin Nəzirməmmədlə Zöhrab otaqda deyillər, yoxsa bu boyda həngamədən xəbərləri olardı. Ayağımı soyunub şalvarın balağını çırmaladım. Birtəhər qapını açıb nə görsəm yaxşıdı, otaq su ilə dolub, Zöhrab yoxdu, Nəzirməmməd də daş kimi yatıb, dünya – aləmdən xəbəri yox. Tez “həyəcan siqnalı” verib onu durğuzdum. Özüm yuxarı qalxdım. Dayanmadan qapını döyüb, “Azər”, “Azər” çağırıram, nə faydası?! Qonşu otaqlardan uşaqlar səsə çıxıb, Azərdən xəbər yoxdu. Axır ki, haçandan – haçana bu yuxulu – yuxulu qapını açdı, inan heç tükü də tərpənmir. İlahi, insan nə qədər rahat, arxayın, məsuliyyətsiz olarmış! Rəhmətlik Habil Əliyev demişkən, belə yaşamağa nə var ki!
ARDI VAR

media-adspc

Bənzər xəbərlər