media-17812003343461529886_1200x630

Milli Qurtuluşun ən mühüm nəticələrindən biri ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası, yaddaşın reaktuallaşdırılmasıdır. Çünki Böyük Qayıdış yalnız insanların öz doğma yurdlarına dönüşü deyil, həm də kollektiv yaddaşın öz tarixi məkanlarına qayıdışıdır.

ERAmedia xəbər verir ki, bu fikri AMEA Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev Yeni Azərbaycan Partiyasının Zəngilan və Laçın rayon təşkilatlarının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə çıxışı zamanı söyləyib. Tədbir 15 İyun – Milli Qurtuluş Günü münasibətilə və ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil edilib.

Alim vurğulayıb ki, Milli Qurtuluş Azərbaycan dövlətçiliyinin xilası olmaqla yanaşı, sonrakı tarixi uğurların, o cümlədən Böyük Qayıdış prosesinin əsas siyasi və ideoloji təməlini formalaşdırıb. Böyük Qayıdış yalnız insanların öz doğma yurdlarına dönüşü deyil, həm də kollektiv yaddaşın və mədəni kimliyin reaktuallaşdırılması prosesidir.

Hikmət Quliyev qeyd edib ki, 1990-cı illərin əvvəllərində ölkədə hökm sürən siyasi böhran, idarəetmədəki səriştəsizlik və pərakəndəlik nəticəsində Azərbaycan torpaqlarının bir hissəsi işğal olunub, yüz minlərlə insan öz doğma yurdlarından didərgin düşüb. Xalqın taleyində dönüş nöqtəsi Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə başlayıb.

Çıxışda vurğulanıb ki, 1993-cü il iyunun 15-i Azərbaycan dövlətçiliyinin xilası, ölkədə sabitliyin bərqərar olması və gələcək inkişafın əsaslarının qoyulması ilə xarakterizə olunur. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində dövlət institutları möhkəmləndirilib, iqtisadi inkişaf strategiyası formalaşdırılıb, Azərbaycanın beynəlxalq mövqeyi gücləndirilib və sonrakı tarixi nailiyyətlərin təməli yaradılıb.

Hikmət Quliyev bildirib ki, Ulu Öndərin müəyyən etdiyi siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək Azərbaycanın iqtisadi, siyasi və hərbi gücünü əhəmiyyətli dərəcədə artırıb. Bunun nəticəsində Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazanıb, 2023-cü ildə isə ölkənin dövlət suverenliyi tam bərpa olunub.

Folklorşünas-alim çıxışında Böyük Qayıdış prosesinə sosial-antropoloji folklorşünaslıq və kollektiv mədəni yaddaş kontekstində yanaşıb. O qeyd edib ki, torpaqların azad edilməsi ilə həmin məkanların sosial-mədəni baxımdan yenidən canlandırılması arasında mühüm əlaqə mövcuddur.

“İşğal dövründə insanlar doğma yurdlarından ayrı düşsələr də, həmin məkanlar onların yaddaşında yaşamaqda davam edib. Qarabağ və Şərqi Zəngəzurun müxtəlif bölgələri ilə bağlı rəvayətlər, əfsanələr, bayatılar, aşıq yaradıcılığı nümunələri, ocaqlar, pirlər və digər müqəddəs məkanlarla əlaqədar təsəvvürlər kollektiv yaddaşda qorunub saxlanılıb. Bu gün Böyük Qayıdış prosesi həmin yaddaşın yenidən aktivləşməsinə və öz coğrafiyası ilə qovuşmasına şərait yaradır”, – deyə alim bildirib.

Hikmət Quliyev vurğulayıb ki, folklorşünaslıq baxımından bu proses kollektiv yaddaşın reaktuallaşdırılması kimi qiymətləndirilə bilər. Onun sözlərinə görə, yaddaşın passiv vəziyyətdən çıxaraq yenidən sosial həyatın aktiv hissəsinə çevrilməsi Böyük Qayıdışın ən mühüm mədəni nəticələrindən biridir.

Alim bildirib ki, kollektiv yaddaşın reaktuallaşdırılması istiqamətində elmi tədqiqatların və folklor irsinin sistemli şəkildə toplanmasının xüsusi əhəmiyyəti vardır. Bu baxımdan AMEA Folklor İnstitutu işğaldan azad edilmiş ərazilərin və tarixi Azərbaycan yurdlarının folklor irsinin araşdırılması, toplanması, nəşri, rəqəmsallaşdırılması və gələcək nəsillərə ötürülməsi istiqamətində ardıcıl fəaliyyət həyata keçirir.

İnstitut tərəfindən hazırlanmış və nəşr edilmiş “Qarabağ: folklor da bir tarixdir” oncildliyi Qarabağ bölgəsinin zəngin folklor yaddaşını özündə əks etdirən fundamental elmi nəşrlərdən biridir. Bununla yanaşı, hazırda Qərbi Azərbaycan və Şərqi Zəngəzur folkloru çoxcildliklərinin hazırlanması istiqamətində genişmiqyaslı işlər aparılır, bölgələrdən yeni folklor materialları toplanılır, arxivləşdirilir, elmi dövriyyəyə daxil edilir və rəqəmsal resurslar şəklində mühafizə olunur.

Çıxışda qeyd olunub ki, azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı şəhərsalma və məskunlaşma siyasətinə yalnız infrastruktur layihəsi kimi baxmaq olmaz. Yeni yolların, yaşayış məntəqələrinin, məktəblərin və sosial obyektlərin tikilməsi ilə yanaşı, insanların yaddaşı da öz tarixi məkanları ilə yenidən qovuşur.


media-adspc

Bənzər xəbərlər