Moskva Cənubi Qafqazda təsirini itirir? – Türkiyə bölgədə fəallığını artırır
Türkiyənin xarici işlər naziri Hakan Fidan iyunun 15-də Rusiyaya səfər edib.
Siyasi şərhçi Elxan Şahinoğlu ERAmedia-ya açıqlamasında bildirib ki, Fidanın Moskvada rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi görüşdə ikitərəfli münasibətlərlə yanaşı, Yaxın Şərqdəki vəziyyət və 3+3 formatının gələcəyi də müzakirə olunub.
Onun sözlərinə görə, Rusiya son dövrlər 3+3 (Azərbaycan, Gürcüstan, Ermənistan + Türkiyə, Rusiya, İran) formatını fəallaşdırmağa çalışır və bunun əsas səbəbi Moskvanın Cənubi Qafqazdakı təsir imkanlarının zəifləməsidir.
“Ukraynaya qarşı işğalçı müharibədə ilişib qalan Rusiyanın bölgədə təsir imkanları getdikcə azalır. Moskvanın uzun illər forpostu rolunu oynayan Ermənistan da əvvəlki kimi Kremlin nəzarətində deyil. Buna görə Rusiya heç olmasa 3+3 formatı vasitəsilə Cənubi Qafqazda varlığını nümayiş etdirməyə çalışır”, – deyə Elxan Şahinoğlu vurğulayıb.
Siyasi şərhçi qeyd edib ki, formatın effektiv fəaliyyəti üçün ciddi maneələr mövcuddur. Onun fikrincə, Gürcüstan ərazilərinin Rusiya tərəfindən işğal olunmasına görə bu platformada iştirak etmək istəmir. Eyni zamanda Türkiyə formata dəstək versə də, bölgədə müstəqil şəkildə fəallığını artırmağa üstünlük verir. Bundan başqa, Kremlin Ermənistan hökumətinə təzyiqləri və iqtisadi məhdudiyyətləri İrəvanın yenidən Rusiyanın orbitinə qaytarılmasını çətinləşdirir.
Elxan Şahinoğlu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin iyunun 14-də Ermənistanın Dilican şəhərinə səfərini və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşünü də mühüm hadisə kimi qiymətləndirib.
Onun sözlərinə görə, Bakı Ermənistanla sülh sazişinin imzalanması üçün Ermənistan Konstitusiyasında dəyişikliklərin edilməsini vacib hesab edir. Lakin hazırkı siyasi vəziyyətdə Baş nazir Nikol Paşinyanın parlamentdə bu məsələni referenduma çıxarmaq üçün kifayət qədər dəstəyə malik olmadığı görünür.
“Referendum keçirilsə belə, Paşinyana səs verən seçicilərin hamısının Konstitusiya dəyişikliklərini dəstəkləyəcəyini söyləmək çətindir. Əksinə, dəyişikliklərin rədd olunması həm Paşinyanın mövqeyini zəiflədə, həm də Azərbaycanla sülh prosesinə mənfi təsir göstərə bilər”, – deyə siyasi şərhçi bildirib.
Elxan Şahinoğlu hesab edir ki, mövcud şəraitdə Bakı və İrəvan arasında məsləhətləşmələrin intensivləşdirilməsi və sülh sazişinin imzalanması yollarının daha detallı müzakirəsi vacibdir.
“Sülh sazişinin imzalanması gecikdikcə, Kreml və onun Ermənistandakı tərəfdarları bundan istifadə edərək vəziyyəti gərginləşdirməyə çalışa bilərlər. Bu səbəbdən prosesin sürətləndirilməsi hər iki tərəfin maraqlarına uyğundur”, – deyə o əlavə edib.
Siyasi şərhçi bildirib ki, ABŞ Prezidenti Donald Tramp da Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin əldə olunmasında maraqlıdır. Onun sözlərinə görə, Vaşinqtonun yaxın həftələrdə Azərbaycan və Ermənistan liderlərini qəbul etməsi ehtimalı müzakirə olunur və Ağ Ev ötən ilin avqustunda paraflanan sülh sazişinin imzalanmasını dəstəkləyir.
Vural










