“Mühakimə etməkdən əvvəl anlamağa çalışaq” – Mehriban Zeynalovadan çağırış
Övlad itkisi valideynin yaşaya biləcəyi ən ağır ağrılardan biridir.
ERAmedia xəbər verir ki, Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova yol-nəqliyyat qəzasında həyatını itirən Zəhra Mehdiyevanın atası, tanınmış vəkil Fərhad Mehdiyevin paylaşımlarını qınayanlara xitabən bildirib. O qeyd edib ki, belə bir ağrını yaşayan insanların hər biri kədərini fərqli şəkildə ifadə edir.
Onun sözlərinə görə, kimi bu ağrını daxilində yaşayır, kimi isə övladının xatirələrini paylaşaraq nəfəs almağa, yaşadığı ağır travmanın yükünü bir qədər azaltmağa çalışır.
“Bir atanın və ya ananın tez-tez paylaşım etməsi diqqət çəkmək istəyi kimi qiymətləndirilməməlidir. Bəzən bu davranış dözülməz kədərin və dərin psixoloji sarsıntının təzahürü olur. Travmanın hər kəsdə ifadəsi fərqlidir”, – deyə Mehriban Zeynalova vurğulayıb.
İctimai birlik sədri cəmiyyətə belə insanlara qarşı daha anlayışlı və həssas yanaşma nümayiş etdirməyin vacibliyini xatırladaraq qeyd edib ki, mühakimə etməkdən əvvəl onların yaşadığı hissləri anlamağa çalışmaq lazımdır.
Xatırladaq ki, tanınmış vəkil Fərhad Mehdiyevin qızı Zəhra Mehdiyeva iyunun 16-da Bakı-Sumqayıt yolunda baş verən yol-nəqliyyat hadisəsində həyatını itirib.
Məlumata görə, F.Mehdiyevin qızının idarə etdiyi motosiklet “Mercedes” markalı avtomobillə toqquşub.
Xəsarət alan qızın həyatını xilas etmək mümkün olmayıb.
Məlumata görə, qəza nəticəsində həyatını itirən Zəhranın 17 yaşı olub.
Vüsalə










