media-1

Xəzər dənizinin dibi ilə Aktau və Sumqayıt şəhərləri arasında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin çəkilişi uğurla başa çatıb.

ERAmedia xəbər verir ki, Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz bildirib ki, bu layihə “Rəqəmsal İpək Yolu” təşəbbüsünün ən mürəkkəb və strateji mərhələlərindən biri olub.

Onun sözlərinə görə, bu gün layihənin tamamlanması adi texniki xəbər kimi qəbul edilə bilər, lakin 2019-cu ildə AzerTelecom tərəfindən gündəmə gətirilən zaman vəziyyət tamamilə fərqli olub.

“Yaxşı xatırlayıram, o dövrdə bu sahənin ən ciddi mütəxəssislərindən bəziləri belə layihənin reallaşma ehtimalını demək olar ki, sıfıra bərabər qiymətləndirirdilər. Çünki son 30 ildə Xəzərin dibi ilə belə bir rəqəmsal dəhlizin yaradılmasına bir neçə dəfə cəhd göstərilsə də, müxtəlif səbəblərdən, xüsusilə də geosiyasi maraqlara görə bu təşəbbüslər baş tutmamışdı. TAE zamanı da bunu reallaşdırmaq mümkün olmamışdı”, – deyə Osman Gündüz qeyd edib.

O bildirib ki, layihənin uzun illər ərzində reallaşmasına mane olan amillər sırasında Rusiyanın regiondakı maraqları da mühüm rol oynayıb. Bu səbəbdən təşəbbüs texniki baxımdan olduğu qədər geosiyasi baxımdan da mürəkkəb hesab olunub.

Osman Gündüzün sözlərinə görə, sonrakı illərdə Qazaxıstan tərəfdə tərəfdaş şirkətin dəyişməsi də layihənin icrasını xeyli ləngidib.

“Bu baxımdan, bu gün Xəzərin dibi ilə kabelin çəkilişinin başa çatması sadəcə mühəndislik uğuru deyil. Bu, uzun illər mümkünsüz hesab olunan strateji layihənin qarşısındakı ən böyük maneənin aradan qaldırılması deməkdir”, – deyə o vurğulayıb.

Azərbaycan İnternet Forumunun rəhbəri xatırladıb ki, Prezident İlham Əliyevin layihə ilə bağlı həm Qazaxıstan, həm də Türkmənistan rəhbərləri ilə çoxsaylı müzakirələri olub.

O hesab edir ki, Prezidentin siyasi iradəsi də bir zamanlar mümkünsüz görünən layihənin reallaşmasında mühüm rol oynayıb.

Osman Gündüz layihənin texniki mürəkkəbliyinə də diqqət çəkib. Onun sözlərinə görə, Xəzər dənizinin dibi ilə 380 kilometrlik zirehli fiber-optik kabelin xüsusi gəmilər və xüsusi texnologiyalar vasitəsilə çəkilməsi region üçün ilk belə layihədir və yüksək mühəndislik dəqiqliyi tələb edir.

Digər mühüm məqam kimi layihənin maliyyələşmə modelini qeyd edən Osman Gündüz bildirib ki, belə strateji və kapitalltutumlu infrastruktur layihəsinin dövlət büdcəsi hesabına deyil, Azerconnect Group daxilində fəaliyyət göstərən AzerTelecom şirkəti və NEQSOL Holding-in investisiyası hesabına həyata keçirilməsi diqqətəlayiqdir.

“Region üçün strateji əhəmiyyət daşıyan belə bir infrastruktur layihəsinin özəl sektor tərəfindən həyata keçirilməsi təqdirəlayiqdir”, – deyə o bildirib.

Osman Gündüz qeyd edib ki, hazırda qarşıda sahilyanı və yerüstü infrastrukturun tamamlanması və xəttin istismara verilməsi dayanır.

Onun fikrincə, bundan sonra Avropa ilə Asiya arasında yeni rəqəmsal dəhliz formalaşacaq və Azərbaycan regionun ən mühüm rəqəmsal tranzit və bağlantı mərkəzlərindən birinə çevrilmək istiqamətində ciddi üstünlük qazanacaq.

“Düşünürəm ki, bu layihənin ən böyük əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan ilk dəfə olaraq təkcə enerji və nəqliyyat dəhlizlərinin deyil, qlobal rəqəmsal infrastrukturun da əsas qovşaqlarından birinə çevrilmək imkanı qazanır. Bunun iqtisadi, texnoloji və geosiyasi təsirləri yaxın illərdə daha aydın görünəcək”, – deyə Osman Gündüz əlavə edib.

Vüsalə


media-adspc

Bənzər xəbərlər